Gömrük Komitəsinin çarxı və rüsvayçı “mız”lar… – Video

Gömrük Komitəsinin çarxı və rüsvayçı “mız”lar… – Video

Gömrük Komitəsinin 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı çarxı bəzi sosial şəbəkə istifadəçilərinin və nədənsə media qurumlarının da xoşuna gəlməyib.

Hesab edirlər ki, təbrik zamanı xanım əməkdaşlar stress yaşayıb, şoka düşüblər və s.

Maraqlıdır, xanımların “stress” yaşadıqları və bunun onların psixologiyasına mənfi təsir etdiyini kim və necə müəyyən edib ki? Siz o xanımları müəyinəmi etdiniz, yoxsa onların fikirlərinimi aldınız?

Məsələ o ki: gömrükçülər şablon yolla getməyiblər, tamamilə fərqli, kreativ, bir az da “dramatik” ülubdan istifadə ediblər və doğrusu, bunun “velosiped icadı” olduğunu da iddia etmirəm: bu cür “dramatik” çarxlar, zarafatlar, əyləncələr bloger, yutuberlərin səhifələrində onlarla, yüzlərlədir, hər kəs buna bənzər çarxları sosial şəbəkələrdə izləyə bilər.

Gömrük Komitəsi də improvizə edib, sosial şəbəkələrdə trendə çevrilən zarafatları özününküləşdirib və müəyyən dəyişikliklə 8 Mart təbrikinə çevirib.

Olduqca maraqlı da alınıb və bilirsinizmi həm də niyə?

8 Martla bağlı ötən gün onlarla qurum, yüzlərlə şəxs təbriklərini çatdırıb, videolar yayıb. Hansı biri müzakirə edilir? Heç biri!

Ötən gündən müzakirə edilən yalnız bir təbrik var – DGK-nin çarxı.

Demək ki, Gömrük Komitəsinin təbriki hazırlayan beyinləri – ki, onların çox gənc olduğunu da videodan görürük – istədiklərinə nail olublar.

Bəli, o videonu və təbriki hazırlayan gənclərdir: yenilik etmək istəyiblər, fərqli bir yol seçiblər… Onları peşman etməyə kimsənin haqqı yoxdur!

Nəyə nail olmaq istəyirsiniz? Onlar da “8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirik…” kimi mətn oxuyub, özlərindən qabaq otağa girən gülləri uzatmalıydılar? Niyə imkan vermirsiniz ki, gənclər fərqli təşəbbüslər göstərsin, fərqli düşüncələrini ortaya qoysun – bir az ekstrim olsun, bir az həyəcan və sonu… unudulmayan təbrikə çevrilsin!

Öz şablonlarınızı və naftalin qoxulu “ictimai senzuranızı” hər yerə sıçratmayın, imkan verin, gənclər öz bildiklərini etsinlər. Səhvlər də ola bilər, yanlış da – əsas odur ki, fərqlidir, standartdan kənardır, yenidir, həyəcanvericidir. Yanlışları isə növbəti dəfə düzəldərlər.

Bir təşəbbüsü, fərqli yanaşmanı bunca linç etmək yeniliklərə qapını bağlamaqdır, insanları ruhdan salmaqdır.
Bütün sahələrdə beləsiniz, bir yenilik varsa, o dəqiqə “mız” qoyanlar kütləsi başlayır mızıldanmağa…

Əl çəkin gənclərdən!

Teqlər: