Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat
İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli
miqdarda narkotik vasitə-metadonun realizə olunacağı barədə
əməliyyat məlumatı daxil olub.
Komitədən AzerTimes-a verilən
məlumata görə, həmin məlumata əsasən Daxili İşlər Nazirliyi Baş
Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan
əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində
əməliyyat keçirib və Azərbaycan Respublikası vətəndaşı Aslanov
Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik
vasitəni – 200 ədəd “metadon” həbini şərti alıcı qismində çıxış
edən gömrük əməkdaşına satarkən saxlanılıb və həmin narkotik vasitə
aşkar edilərək götürülüb.
Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli
miqdarda “metadon”u Qabil Aslanova təhvil verən şəxslərin – Mirzəli
Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları
Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən
və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə qrupun
digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik
nəqliyyat vasitəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında
satış məqsədi ilə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə
gətirilmiş, ümumilikdə külli miqdarda narkotik vasitələr – 760
“metadon” həbi, 104,649 qram tiryək və psixotrop maddə – 68,175
qram “metamfetamin” aşkar edilərək götürülüb.
Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Azərbaycan
Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza
Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin
Çərkəz oğlu isə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və
234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib
və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin
barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, “metamfetamin” adlı preparat “Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop
maddələrin I Siyahısı”na, tiryək “Azərbaycan Respublikasının
ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələtin I
Siyahısı”na, “metadon” isə Azərbaycan Respublikası ərazisində
dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na
daxildir.