Gömrük Akademiyasında Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

Fevralın 11-də ölkəmizdə səfərdə olan Pakistan İslam
Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidmətinin
nümayəndə heyətinin üzvləri – Pakistan İslam Respublikasının
Federal Gəlirlər Şurasının Gömrük Əməliyyatları üzrə rəhbəri Syed
Muhammad Tariq Huda və Beynəlxalq Gömrük İdarəsinin rəisi Nilofer
Şahzad Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olublar.

Dövlət Gömrük Komitəsinin Akademiyasından AzerTimes-a verilən
məlumata görə, Akademiyanın rəisi Qulu Novruzov qonaqları
salamlayaraq onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində
görməkdən məmnun olduğunu bildirib. O, iki ölkə arasında qurulan
səmimi dostluq və qardaşlıq münasibətlərindən söz açaraq,
Pakistanın 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə
dəstəyini xüsusi vurğulayıb və bu dostluq münasibətlərinin
gələcəkdə daha da möhkəmlənəcəyini əminliklə ifadə edib.

Akademiyanın rəisi qonaqlara Dövlət Gömrük Komitəsinin
Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq
sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə
arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində
əməkdaşlığın vacibliyini xüsusi olaraq vurğulayıb.

Daha sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş
təqdimat nümayiş etdirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu
bildirən Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının
Gömrük Əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Huda səfər
çərçivəsində tanış olduğu Azərbaycanın gömrük sisteminin
inkişafından danışaraq bu sahədə son dövrdə müasir
informasiya-kommunikasiya texnologiyalarının hərtərəfli tətbiq
edilməsini xüsusi qeyd edib.

O, bütün sahələrdəki kimi gömrük sahəsində də yüksəkixtisaslı
kadrların yetişdirilməsində beynəlxalq təcrübə mübadiləsinin
rolundan söz açaraq Dövlət Gömrük Komitəsi ilə imzalanacaq
fəaliyyət planında Akademiya ilə əməkdaşlığın da nəzərdə
tutulduğunu xüsusilə qeyd edib. Syed Muhammad Tariq Huda
Akademiyaya səfərinin əsas məqsədinin qarşılıqlı təcrübə
mübadiləsinin aparılması, bununla da yeni bilik və bacarıqların
əldə edilməsi olduğunu vurğulayıb.


Daha sonra çıxış edən Pakistan İslam Respublikasının Federal
Gəlirlər Şurasının Beynəlxalq Gömrük İdarəsinin rəisi Nilofer
Şahzad görüşdə müzakirə olunan məsələlərin birgə əməkdaşlıq üçün
çox maraqlı olduğunu vurğulayaraq gömrük təlimləri sahəsində
Akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı
fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının
fəaliyyəti ilə yaxından tanış olub, imtahanların gedişatını
izləyiblər. Akademiyanın tələbələrdən ibarət özfəaliyyət dərnəyinin
xor və rəqs kollektivlərinin çıxışları qonaqlar tərəfindən xüsusi
maraqla izlənilib.

Görüşün sonunda xatirə şəkli çəkilib və qarşılıqlı simvolik
hədiyyələr təqdim olunub.

Teqlər: