Geriyə yol yoxdur, İrəvan cəzalanacaq – Verdiyev

Geriyə yol yoxdur, İrəvan cəzalanacaq – Verdiyev

Ermənistan dövləti başına gələn bu qədər fəlakətlərə baxmayaraq, yenə də Azərbaycana qarşı ərazi iddialarından əl çəkmir və orduya uzunmüddətli fortifikasiya qurğuların qurulması, səngərlərin qazılması ilə bağlı göstərişlər verilir. Eyni zamanda bənzər təxribatlar rus sülhməramlılarının məsuliyyət bölgəsində də baş verir.

Bu sözləri AzerTimes-a Ermənistanın son günlər sərhədə qoşun toplaması, eyni zamanda separatçılarla koordinasiyalı şəkildə törətdiyi təxribatlar barəsində danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert artıq geriyə yol olmadığını, Ermənistanın çox ciddi şəkildə cəzalandırılacağını vurğulayıb:

“Eyni zamanda qarşı tərəf ölkəmizin ərazi bütövlüyünü təhdid edərək humanitar yardım məzhəkəsini davam etdirir. Bununla yanaşı, Ermənistan Qarabağdakı separatçıların əli ilə radioelektron vasitələrdən istifadə yoluyla həm Azərbaycanın, həm də ölkəmizə gələn və hava sahəmizdən keçən xarici ölkələrin mülki aviasiya təyyarələrinə qarşı hücumlar edir. Rəsmi İrəvan son 30 ildə törətdiyi vəhşiliklərdən utanmaq yerinə, son günlərdə törətdiyi təxribatlarda da Bakını günahlandırmağa çalışır. Proses artan istiqamətdə hərbi və siyasi təxribatlarla müşayiət olunur. Azərbaycanın da səbrinin bir həddi var, o, sonsuz deyil. Ermənistan isə dövlətimizin səbir kasasını daşdırmaq üçün həddindən ziyadə çalışır və özü dəmir yumruğa gəl-gəl deyir. Baş verənlər onu göstərir ki, artıq geriyə demək olar ki, yol qalmır. Əgər Ermənistan qısa müddət ərzində öz pozucu fəaliyyətində korrektələr etməsə, ölkəmizə qarşı gərginliyi artıran addımlara son qoymasa, çox ciddi şəkildə cəzalandırılacaq”.

Teqlər: