Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatında “Gəncliyin gələcəyə baxışı” mövzusunda konfrans
keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu
öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri
Vüqar Rəhimzadə dövlətin gənclər siyasətindən geniş bəhs edib:
“Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin hakimiyyətinin hər iki
dövrü gənclərə diqqət və qayğının bariz nümunəsidir. Hələ Sovet
İttifaqı dövründə Azərbaycanın müstəqil gələcəyini düşünən ulu
öndər Heydər Əliyev gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali
məktəblərində təhsil almağa göndərmişdir. Həmin illərdə, həmçinin
bu gün Zəfər salnaməsini yazaraq dünyanın ən güclü orduları
sırasında yer alan Silahlı Qüvvələrimiz üçün möhkəm təməl
yaradılmışdır. Belə ki, o dövrdə ulu öndər Heydər Əliyevin gərgin
səyləri nəticəsində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin təməli
qoyuldu ki, bu gün ordumuzda xidmət edən zabitlərin böyük
əksəriyyəti həmin məktəbin yetirmələridir. Ümummilli Liderin
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonrakı dövr gənclərimizin dövlət idarəçiliyində irəli çəkilməsi,
onların inkişafı üçün bütün imkanların formalaşdırılması ilə
xarakterizə olunur. Ümummilli Lider müəyyənləşdirdiyi gələcəyə
hesablanmış strategiya ilə müstəqilliyimizin ilk illərində
gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə
səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin
yaratdı.”
“2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər
siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da
təkmilləşdirdi” söyləyən YAP Xətai rayon təşkilatının sədri
vurğulayıb ki, Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları
qəbul edildi, İnkişaf Strategiyası təsdiqləndi: “Gənclər
siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44
günlük Vətən müharibəsində həlledici rol oynadı. Tarixi Qələbəmizdə
əsas missiyanı məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin
Prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Torpaqlarımızın azadlığı uğurunda şəhidlik zirvəsinə ucalan Vətən
oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa
diləyirəm.”
Azərbaycan gənclərinin intellektual potensialından geniş bəhs edən
Vüqar Rəhimzadə gənclərimizin yenilikçi, müasir dünyagörüşə,
hadisələrə çağdaş dövrümüzün tələbləri səviyyəsində yanaşmalarını
önə çəkərək bu fikri xüsusi vurğulayıb ki, tarixi Zəfərimiz
Azərbaycan gəncliyinin hansı imkanlara malik olduğunu, ən əsası
onların Vətən, torpaq sevgisini nümayiş etdirdi: “Artıq Azərbaycan
inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş
torpaqlarımızda bərpa-quruculuq işləri geniş vüsət alıb. Ölkə
Prezidenti İlham Əliyevin tapşırıqları əsasında bu ərazilərimiz
müasir dövrün tələbləri səviyyəsində qurulur. Tarixi Zəfərimiz
gənclərin qarşısında dayanan vəzifələrə də əlavələr, dəyişikliklər
edib. Bu vəzifələr yeni yaranan reallıqların dünya birliyi
tərəfindən qəbul olunmasına dəstək verməkdən, həmçinin işğaldan
azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə yeni
ideyaları əsasında töhfələri artırmaqdan ibarətdir.”
YAP Xətai rayon təşkilatının sədri ölkənin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının sıralarında
birləşən 800 minə yaxın üzvün təxminən 40 faizdən çoxunu gənclərin
təşkil etdyini önə çəkərək vurğulayıb ki, gənclərimiz partiyada öz
potensial imkanlarını nümayiş etdirmək üçün böyük meydan görürlər:
“Partiyanın tərkibində 1995-ci ildə Gənclər Birliyinin yaradılması
da onlara diqqətin, ölkənin ictimai-siyasi həyatında fəal
iştiraklarına göstərilən qayğının göstəricisidir. Daim yeniliklərə,
təkmilləşməyə maraq göstərən YAP qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsi üçün fəaliyyətini yeni tələblərə uyğun olaraq davam
etdirir. Bu prosesdə partiyanın gəncləri də fəal iştirak edirlər.
YAP Xətai rayon təşkilatı olaraq gənclərin ictimai-siyasi
fəallıqlarının artırılmasına xüsusi önəm verir və bu istiqamətdə
mühüm layihələrin icrasına nail oluruq. YAP-ın ötən ilin martında
keçirilən VII qurultayında qəbul olunan qərarlar yeni vəzifələrə
çağırışdır. Partiyanın hər bir rayon təşkilatı, hər bir üzvü, o
cümlədən gənclərimiz tarixi Zəfərimizin reallıqları fonunda
keçirilən partiyanın VII qurultayında qəbul olunan yeni Nizamnaməyə
uyğun qarşıya qoyulan vəzifələrin icrasına öz töhfələrini verməyə
səy göstərirlər. YAP-ın gəncləri bundan sonra da Heydər Əliyev
irsinin dərindən öyrənilməsi və təbliği, möhtərəm Prezidentimizin
siyasətinin fəal təbliğatı, milli maraqlarımızın, milli-mənəvi
dəyərlərimizin qorunması, gənclərə vətənpərvərlik hisslərinin
aşılanması işində, ölkəmizə qarşı yönəlmiş kampaniyalarla mübarizə
çərçivəsində sosial şəbəkələrdə fəallıqlarını daha da
gücləndirəcəklər.”
Çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
Bəxtiyar İslamov bildirib ki, YAP Gənclər Birliyi ardıcıl olaraq
partiyanın rayon təşkilatlarında gənclərlə silsilə görüşlər
keçirir: “Bu görüşləri keçirməkdə məqsədimiz var. 2021-ci ilin mart
ayında YAP-ın VII qurultayı baş tutdu. Bundan sonra partiyamızda
bir sıra mühüm dəyişikliklər, yenilənmələr oldu. Azərbaycan
gəncliyinin qarşısında geniş, vacib vəzifələr dayanırdı. Biz Vətən
müharibəsinə qədər daim bilirdik, öyrənirdik və eşidirdik ki,
Azərbaycan gəncliyinin ən böyük vəzifəsi, missiyası tarixi
torpaqlarımızın bütövlüyünün bərpa olunması, ərazilərimizin
işğaldan azad edilməsidir. Bu gün fəxr hissi ilə deyə bilərik ki,
44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin də qeyd
etdiyi kimi, məhz Ali Baş Komandanın dövründə yetişmiş və mütləq
əksəriyyəti gənclərdən təşkil olunan Azərbaycan Ordusu
torpaqlarımızı işğaldan azad etdi. Tarixi ədalət 30 ildən sonra
bərpa olundu. Təbii ki, bu Qələbə özü ilə bərabər regionumuza,
ölkəmizə yeni reallıqlar, çağırışlar da gətirdi. Bu çağırışlar,
reallıqlar Azərbaycan gəncliyinin – bizlərin üzərinə yeni vəzifələr
qoydu.”
“Əgər biz Vətən müharibəsinə qədər torpaqlarımızın işğaldan azad
olunmasından danışırdıqsa şəhidlərimizin qanı, qazilərimizin
sağlamlığı hesabına torpaqlarımızın azad olunmasından sonra
Azərbaycan gəncliyinin üzərinə düşən missiyalar, vəzifələr dəyişdi”
söyləyən Bəxtiyar İslamov vurğulayıb ki, bu dəyişikliklər özü ilə
bu reallığı gətirdi ki, ondan sonrakı dönəmdə Azərbaycan
gəncliyinin ölkəmizin, dövlətimizin müstəqilliyinin qorunub
saxlanılması, vətənpərvərlik, dövlətçilik kimi dəyərlərin
gənclərimizə təbliğ olunması, bizdən sonra gələcək nəslə ötürülməsi
vəzifəsi də bugünkü gəncliyin üzərinə düşdü: “Bugünkü Azərbaycan
gəncliyinin vətənpərvər, öz dövlətçilik ənənələrinə, milli
kimliyinə bağlılığının başlıca səbəbi ölkəmizdə həyata keçirilən
uğurlu gənclər siyasəti, böyüklərimizdən, valideynlərimizdən
aldığımız tərbiyədir. Əgər bu dəyərlərin daşıyıcısı və qəbuledicisi
olmuşuqsa onların sonrakı nəsillərə ötürülməsi vəzifəsi də bizim
üzərimizə düşəcək. Bu, harada işləməyimizdən, vəzifəmizdən,
mövqeyimizdən asılı olmayaraq hər birimizin gündəlik fəaliyyətinin
bir parçası olmalıdır. YAP-ın VII qurultayından sonra YAP-ın
Gənclər Birliyi də yeni əsaslarla quruldu, fəaliyyət mexanizmi
müəyyənləşdi, əsasnaməsi qəbul olundu. Partiyamızın Sədri,
Prezident İlham Əliyev tərəfindən biz gənclərin də qarşısına yeni
vəzifələr qoyuldu.”
YAP Gənclər Birliyinin sədri qeyd edib ki, yeni formalaşmış,
müəyyənləşmiş 30 nəfərlik heyətimiz var: “Pandemiyaya, karantin
məhdudiyyətlərinə baxmayaraq, müəyyən layihələr icra etməyə,
planlarımızı həyata keçirməyə çalışmışıq. Amma 30 nəfərin
düşünəcəyindən daha çoxunu etmək olar. Bunları sizdən gələn
təkliflər, planlar, təşəbbüslər əsasında edə bilərik.
Fəaliyyətimizin daha dayanıqlı, sistemli, uğurlu və effektiv olması
üçün bundan sonrakı dönəmdə öz təkliflərinizi, fikirlərinizi
səsləndirə, təşəbbüskarlığınızı göstərə bilərsiniz. Çünki ölkəmizin
daha da inkişaf etməsi, qazanılan uğurların sayının artması, daha
güclü Azərbaycan naminə, kefiyyətli həyat şəraitinə malik
cəmiyyətin formalaşması biz gənclərin üzərinə düşən vəzifədir.
Bütün bunlar bizim bundan sonra atacağımız addımlardan, görəcəyimiz
işlərdən, edəcəyimiz təşəbbüskarlığımızdan daha çox asılı olacaq.
Mən çox istəyərdim ki, biz hamımız birlikdə bu vəzifəni öz ali
missiyamız olaraq qəbul edək və bu işləri birgə görmək üçün
addımlar ataq.”
Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Fəsli
Nəbiyev bildirib ki, bir dövlətin gələcək inkişafını uğurlu şəkildə
təmin etmək üçün onun vətənpərvər ruhda yetişmiş gəncliyə sahib
olması çox önəmli məsələdir: “Çünki gənclər cəmiyyətin əsas aparıcı
və inkişafa təkan verməyə qadir qüvvəsidir. Bu baxımdan müasir
Azərbaycan dövlətinin memarı olduğu kimi, müasir Azərbaycan
gəncliyinin də memarı ulu öndər Heydər Əliyevdir. Ölkəmizin
müstəqillik əldə etdiyi ilk dövrlərdə pərakəndə vəziyyətə salınmış
Azərbaycan gəncliyi müxtəlif siyasi qüvvələrin əlində oyuncağa
çevrilmişdi, gənclərimizdən qeyri-sağlam məqsədlər üçün istifadə
edirdilər. Məhz ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra əsas diqqəti ölkə gəncliyini bir
araya toplamağa yönəltdi və onların bilik və bacarıqlarını,
enerjisini Azərbaycanın inkişafına istiqamətləndirdi.”
“Bugünkü müasir Azərbaycan gəncliyi son 30 ildə ulu öndər Heydər
Əliyevin ideyaları əsasında yetişən gənclikdir” söyləyən Fəsli
Nəbiyev vurğulayıb ki, bu gənclik Vətən müharibəsi dövründə
ölkəmizin ərazi bütövlüyü uğrunda təmsil olunduğu sferadan, öz
siyasi, ictimai baxışlarından asılı olmayaraq milli birlik nümayiş
etdirərək cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında bir
yumruq kimi birləşib torpaqlarımızın azad olunması uğrunda
fədakarcasına mübarizə apardı. Prezident İlham Əliyev işğaldan azad
olunmuş ərazilərə səfərləri çərçivəsində dəfələrlə vurğulamışdır
ki, torpaqlarımızın düşmən tapdağından azad olunasında gənclərin
rolu əvəzolunmazdır.
YAP Gənclər Birliyinin sədr müavini tarixi Zəfərimizdən sonra
gənclərin qarşısında dayanan vəzifələrdən geniş bəhs edərək dövlət
maraqlarının qorunmasının hər zaman olduğu kimi, bu gün də
prioritet olduğunu vurğulayıb.
Tədbirdə gənclər adından çıxış edən qazilər Rəşad Eldarzadə və
Famil Məlikov, Tural Əhmədli, Kənan Tağıyev və Aysel Mayıllı
Azərbaycan gəncliyinin keçdiyi inkişaf yolundan və bu gün dünyaya
səs salan tarixi Zəfərmizə imza atılmasında onların rolundan geniş
bəhs ediblər. Bildiriblər ki, gənclərimiz daim fəal olmalı, dövlət
maraqlarının qorunmasına öz töhfələrinə verməli, Azərbaycanın
dayanıqlı inkişafının təmin olunması üçün bütün qüvvə və
bacarıqlarını səfərbər etməlidirlər. Azərbaycan gəncləri
qürurludur, 30 il işğal altında qalan torpaqlarımız tarixi
sahiblərindədir.
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının və “91-lər”in
üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri,
professor Ədalət Fərəcov müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinin bu günü
üçün yaratdığı möhkəm təməldən bəhs edib: “Ümummilli Lider ilk
azərbaycanlı olub ki, təhlükəsizlik orqanlarında müxtəlif
vəzifələrdə çalışıb və ən yüksək – general rütbəsi alıb. Ulu Öndər
milli kadrların təhlükəsizlik orqanlarına işə cəlb olunmasına
müstəsna əhəmiyyət vermişdir. Sanki Azərbaycanın gələcəyini özünün
intellekti səviyyəsində qərarlaşdırmışdır. Digər tərəfdən, ulu
öndər Heydər Əliyev təhlükəsizlik orqanlarında işləyərkən çox sayda
Azərbaycan ziyalısının həyatını o vaxt üçün yarana bilən real
təhlükələrdən xilas etmişdir. Təsaüdüfi deyil ki, həmin ziyalıların
əksəriyyəti sonrakı illərdə mətbuat vasitəsilə ulu öndər Heydər
Əliyevə dəfələrlə öz minnətdarlıqlarını bildirmişdilər. Bütün
bunlar sübut edir ki, Heydər Əliyev hələ təhlükəsizlik orqanlarında
fəaliyyət göstərərkən adını Azərbaycan tarixinə qızıl hərflərlə
yazmışdır.”
Ədalət Fərəcov vurğulayıb ki, ulu öndər Heydər Əliyevin mühüm
əhəmiyyət verdiyi sahələrdən biri təhsil idi: “Xüsusilə,
azərbaycanlı gənclərin hərbi sahədə təhsil almaları üçün Heydər
Əliyevin təşəbbüsü ilə Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycan
Dövlət Pedoqoji Universitetinin nəzdində Hərbi və fiziki təlim
fakültəsi açıldı. Həmin fakültə öz fəaliyyətini bu və ya digər
şəkildə bu gün də davam etdirir. Elə həmin illərdə Bakıda Cəmşid
Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Ulu öndər Heydər Əliyev
orta məktəbi yenicə bitirmiş istedadlı gənclərin keçmiş İttifaqın
nüfuzlu ali təhsil ocaqlarında oxumalarını təşkil edirdi. Eyni
zamanda, azərbaycanlı gənclərin hərbi məktəblərə ezam olunmalarına
və hərbi təhsil almalarına qayğı göstərirdi. O, yalnız Azərbaycanın
bugününü deyil, gələcəyini də fikirləşirdi.”
YAP Veteranlar Şurasının üzvü ulu öndər Heydər Əliyevin 1993-cü
ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı
dövrdə gənclər siyasətinin dövlətin həyata keçirdiyi siyasətin əsas
tərkib hissəsinə çevrilməsindən, gənclərin irəli çəkilməsindən,
onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin
etmək üçün atdığı addımlardan, Yeni Azərbaycan Partiyasının
sıralarında gənclərin çoxluq təşkil etməsindən və Heydər Əliyev
ideyalarının təbiliği istiqamətində göstərdikləri səylərdən bəhs
edib.
Ədalət Fərəcov Prezident İlham Əliyevin son 18 ildən artıq
dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam
etdirməsindən geniş bəhs edərək bildirib ki, Ümummilli Liderin
Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri
2003-cü ildə xalqa müraciəti və həmin müraciətdə cənab İlham
Əliyevə özü qədər inandığını, Onun gələcəyinə böyük ümidlər
bəslədiyini ifadə etməsi oldu. Prezident İlham Əliyev etimadı
doğrultdu, Azərbaycana böyük uğurlar qazandırdı. Prezident İlham
Əliyev Ulu Öndərin siyasi varisi olmaqla onun daxili və xarici
siyasətini uğurla davam etdirdi. Əldə edilən uğurlar 2020-ci ildə
44 günlük Zəfər yürüşündə qalibiyyətimzi şərtləndirdi. Bu gün hər
birimiz torpaqlarımızın işğaldan azad edilməsinin sevincini
yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu tarixmizin ən şanlı səhifəsini yazdı. bu Zəfər
gənclərimizin vətənpərvərlik ruhunun təqdimatıdır.”
Aprelin 15-i Ədalət Fərəcovun doğum günüdür. YAP Xətai rayon
təşkilatının sədri Vüqar Rəhimzadə bu münasibətlə Ədalət Fərəcovu
təbrik edib, ona cansağlığı arzulayıb. YAP Gənclər Birliyinin sədri
Bəxtiyar İslamaov YAP Xətai rayon təşkilatının Fəxri fərmanını,
həmçinin gül dəstəsini Ədalət Fərəcova təqdim edib.
Diskussiya şəklində davam edən tədbirdə qonaqlar gəncləri
maraqlandıran sualları cavablandırıblar.
Sonda partiya sıralarına yeni daxil olanlara YAP-ın üzvlük
vəsiqəsi, həmçinin rayonun ictimai-siyasi həyatında fəal iştirakına
görə bir qrup gəncə Fəxri fərmanlar təqdim edilib.