“Gənclərin biznes emalatxanası” layihəsi çərçivəsində tələbələr Masallı Sənaye Məhəlləsində olublar (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq
Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin
biznes emalatxanası” layihəsinin iştirakçılarının istehsal
müəssisələrinə təlim səfərlərinə start verilib.

İlkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması
məqsədilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs
tələbələri Masallı Sənaye Məhəlləsində olublar. Tələbələrə sənaye
məhəlləsinin fəaliyyəti haqqında məlumat verilib, burada fəaliyyət
göstərən müəssələrdə istehsal prosesi ilə tanış olublar. Həmçinin,
səfər çərçivəsində tələbələrə KOBİA-nın Masallı Sənaye Məhəlləsində
fəaliyyət göstərən KOB dostu tərəfindən sahibkarlara göstərilən
dəstək və xidmətlər barədə məlumat verilib.
Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi
peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf
etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması,
özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar
arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni
biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın
artırılmasıdır. 2021-2023-cü illəri əhatə edən layihə hazırda
Cəlilabad və Ağdam rayonlarında həyata keçirilir. Yaxın vaxtlarda
layihəyə Qəbələ rayonunda da start veriləcəkdir. Layihə dərzi,
bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər,
dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı kimi
sahələri əhatə edir.

Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi
tərəfindən peşə təhsili alan və sahibkarlığa maraq göstərən sonuncu
kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir.
Sonra gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunur,
onlara mentorluq dəstəyi göstərilir, biznes müəssisələrinə təlim və
təcrübə səfərləri təşkil olunur.

Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuran
gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi
tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqdır.

Teqlər: