Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının
əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri
nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, Baş
İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının
keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli
bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Sadıqov
saxlanılan zaman onun üzərindən külli miqdarda narkotik vasitə olan
“heroin” və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Bundan başqa bölmə əməkdaşlarının keçirdikləri digər
əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Mahir
Musayevdən də narkotik maddə olan “heroin” aşkarlanıb.
Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə onlayn
yolla əcnəbi vətəndaşdan aldığı narkotik vasitəni satmaq istəyən
Elvin Abdurəhmanov saxlanılıb. Şübhəli şəxsdən külli miqdarda
narkotik maddə olan “heroin” və “metamfetamin” aşkar olunaraq
götürülüb.
Narkotik maddə satmaq istəyən digər şəxs İbrahim allahverdiyev
saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilən zaman isə onun
üzərində müxtəlif bükümlərdə narkotik vasitə aşkarlanıb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib,
faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində
cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.