Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir
kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi
fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət
tədbirlərini davam etdirir.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, Agentlik müfəttişləri
tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları birgə Gəncə
şəhəri, Z. Əliyeva küçəsində fəaliyyət göstərən, fiziki şəxs
Məmmədov Kamran Sədir oğluna məxsus ət məhsullarının satışı
məntəqəsinə keçirilmiş baxış zamanı baytarlıq
(baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya
malik, qaralmış, ümumi çəkisi 152 kq mənşəyi məlum olmayan ət
aşkarlanıb. Mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq
saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr
Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq
labaratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində ətin qida
təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə
uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Araşdırmalar davam edir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul
olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və
qanunazidd fəaliyyətdən yayınmağa çağırır.