Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilir – SƏRƏNCAM

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında
Sərəncam verib.

Sərəncamda deyilir:

– Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilsin.

– Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami
Rayon Məhkəməsi ləğv edilsin.

– Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:

– Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin
ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin;

– Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən
etsin;

– Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı
təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait
yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və
digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı
tədbirlər görsün;

– Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı
xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon
Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması
üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və
növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün
tədbirlər görsün;

– Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə
şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon
Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;

– bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bu Sərəncamın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən
qüvvəyə minir.

Teqlər: