Gəncə hadisələrinə görə həbs olunan 3 nəfər azadlığa buraxılıb (FOTO)

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin
10 saylı cəzaçəkmə müəssisəsində davam etdirilib.

AzerTimes-ın məlumatına görə, sərəncam bu müəssisədəki məhkumlardan
11 nəfərə şamil olunub. Onlardan 7 nəfər azadlığa buraxılıb, 4
nəfərin isə cəzası yarıya endirilib.

Azadlığa buraxılanlardan üç nəfəri Gəncə hadisələrinə görə həbs
edilən məhbuslardır.
Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa
buraxılıblar.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tərəfindən mayın
27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların
ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının
Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə
baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti,
törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik
dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları
nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə
213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər
cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının
çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum
edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6
nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Teqlər: