Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)

Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib.

Mayın 6-da keçirilən Beynəlxalq Elmi konfranda da bu əlaqələrin yaratdığı uğurlardan daha ətraflı danışılmışdır. Konfransda Rusiyadan, Özbəkistandan, Dağıstandan, Makedoniyadan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən onlarla alim iştirak etmişdir. Konfransı giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov açaraq konfrans iştirakçılarını salamlamış, tədbirin əlamətdar bir dövrdə, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində keçirilməsini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan elmi sürətli inkişaf yolundadır və uğurların əldə olunması Ulu Öndərin adı ilə bağlıdır. Sevindirici haldır ki, bu dahi şəxsiyyətdən sonra da Azərbaycanda elm və təhsil yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyev Ulu Öndərin elmin inkişafı üçün başladığı işləri uğurla davam etdirir. Bu sahədə çoxsaylı fərman və sərəncamlar imzalayan ölkə başçısı daim elmin inkişafını önə çəkmiş, gənc alimlərin yetişməsi üçün diqqət və qayğı göstərmişdir.

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iki gün ərzində biologiya, kimya, fizika və iqtisadiyyat bölmələri üzrə 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur. Konfransın birinci günü Azərbaycan Milli Elmlər Akademiysının akademiki Vaqif Abbasov “Aqrar sektorun inkişafı üçün bioloji aktiv kimyəvi üzvi və qeyri-üzvi gübrələrin istifadə perspektivlər”, Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu “ 2, 4, 6 trimetilbenzoatin Co(II) və Mn(II) komplekslərinin sintezi və özəllikləri”, AMEA-nın müxbir üzvü Vaqif Novruzov “Qarabağ: Qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri”, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Metal xalkogenidləri əsasında topoloji izolyatorların materialşünaslığı sahəsində yeni tədqiqatlar” mövzularında məruzələrlə çıxış etmişlər.


Məruzələrdə son illər Gəncə Dövlət Universitetinin elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən, eləcə də Dağlıq Qarabağ torpaqlarının işğal dövründə yararsız hala salınmasından və bu ərazilərdə elmi tədqiqatların aparılması vacibliyindən ətraflı qeyd edilmişdir.

Beynəlxalq konfrans mayın 7-də plenar iclaslarda öz işini davam etdirəcəkdir.

Teqlər: