Xəbər - Samir Əli – Trend:
Bu il Azərbaycan Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər icra edilib.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, əsas diqqət daim döyüşə hazırolma və silahlı qarşıdurma kəskinləşdiyi zaman yarana biləcək vəziyyətdə adekvat cavab tədbirlərinin görülməsinə yönəldilib.
“Döyüş hazırlığının təşkili və keçirilməsində əsas diqqət qoşunların döyüş təyinatlarına uyğun imkan və qabiliyyətlərinin artırılması, qarşılıqlı əlaqə və birgə fəaliyyətlərin uzlaşmasına, həmçinin komandirlərin və qərargah zabitlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Azərbaycan Ordusunda QQ, HHQ, HDQ, XTQ və ƏÜO-nun bölmələri ilə cari il ərzində 900-dək komanda-qərargah, taktiki, taktiki-xüsusi və simulyasiya təlimləri yüksək texnologiyanın tətbiqi ilə həyata keçirilib. Bundan başqa, hərbi qulluqçularımız Rusiya, Qazaxıstan və İranda keçirilən beynəlxalq səviyyəli yarışlarda, eləcə də Türkiyə, Pakistan, Gürcüstan və ölkəmizdə keçirilən bir sıra müxtəlif təyinatlı beynəlxalq təlimlərdə iştirak edib.
Hərbi Təhsil sahəsində əsas diqqət xüsusi təyinatlı təhsil müəssisələrində və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində təhsil və elmi fəaliyyətin təşkilinə, təlimatların və fənn proqramlarının təkmilləşdirilməsinə, eləcə də tədris prosesinin koordinasiyasına yönəldilib.
“Milli təhlükəsizlik və hərbi elmlər” elm sahəsi üzrə 10 nəfərə müxtəlif elmi adlar verilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi mütəxəssislərin hazırlıq proqramı Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin hərbi məktəblərində tətbiq olunan proqramlara uyğunlaşdırılıb,”-A. Eyvazov deyib.
Rəis müavini bildirib ki, 2021-ci tədris ilində beynəlxalq hərbi əməkdaşlıq sahəsində də plana uyğun fəaliyyətlər icra edilib: “Müdafiə Nazirliyinin rəhbərliyinin il ərzində xarici ölkələrə 10 səfəri təşkil edilib.
Cari il ərzində ölkə daxilində 27, xaricində isə 178 beynəlxalq kursda şəxsi heyətin iştirakı təmin edilib. İkitərəfli əməkdaşlıq planları və NATO ilə Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində xarici ölkələrdə və Azərbaycanda ümumilikdə 522 beynəlxalq tədbir keçirilib.
“NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” Missiyasında iştirak edən Azərbaycan Ordusunun sülhməramlı kontingentinin iştirakı cari ilin avqust ayında sona çatdırılıb.
2022-ci ildə də beynəlxalq hərbi əməkdaşlıq sahəsində bir sıra ölkələrlə təlim və treninqlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan hərbçilərinin Türkiyə ilə ikitərəfli təlimlərdə, NATO proqramları çərçivəsində, o cümlədən “Beynəlxalq Ordu Oyunları”nda iştirakı da nəzərdə tutulur”, – deyə Anar Eyvazov əlavə edib.