Azərbaycan Ordusunun maddi-texniki təminatı daim diqqət mərkəzindədir – Nazirlik

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Ordusunun maddi-texniki təminatı məsələləri daim diqqət mərkəzindədir.

AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

Rəis müavini bildirib ki, xüsusilə, azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir.

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq və onların sosial-məişət şəraiti, eyni zamanda aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq məqsədilə azad olunmuş ərazilərə cari il ərzində 30 dəfədən artıq səfər edib.


Yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə fasiləsiz elektrik enerjisi, isti və soyuq su xətləri çəkilib, 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib.

Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub”, – A.Eyvazov bildirib.

Rəis müavini deyib ki, Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı 400-ə yaxın yeni hərbi infrastruktur obyektinin istismara verilməsi ilə bölmələrdə qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkil edilməsi, o cümlədən şəxsi heyətin asudə vaxtının səmərəli keçirilməsi üçün münbit şərait yaradılıb. Bir sıra obyektlərin inşası hazırda davam etdirilir.

Teqlər: