“G7” XİN başçıları Şimali Koreyanın raket sınaqlarını pisləyib

G7 ölkələrinin xarici işlər nazirləri Şimali Koreyanın raket
sınaqlarını pisləyib, bunu Pxenyanın öhdəliklərinin pozulması hesab
edib və gələcəkdə bu cür hərəkətlərdən imtina etməyə
çağırıblar.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya XİN
tərəfindən cümə günü dərc edilən birgə bəyanatda deyilir.

“Biz bu hərəkətləri ən kəskin şəkildə pisləyirik. Bunlar KXDR-in
BMT Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən 2397 saylı
qətnaməsi üzrə öhdəliklərinin açıq şəkildə pozulmasıdır”, –
bəyanatda vurğulanır.

Bundan əvvəl, Koreya Xalq Demokratik Respublikası (KXDR) martın
24-də Kim Çen Inın birbaşa göstərişi ilə “Hvason-17” qitələrarası
ballistik raketi sınaqdan keçirdiyini təsdiqləmişdir.