Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli
rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil
yolunun inşası sürətlə davam edir.
Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları
ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin
sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri
sayılır.
Agentlikdən Trend-ə verilən məlumata görə, uzunluğu 64.8 km,
hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı
olmaqla tikilir. Yol çiyinlərinin hər bir istiqamətdə 3.75 metr,
ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr
təşkil edir. I texniki dərəcəli yolda layihə üzrə 380 metr istinad
divarının inşası da aparılır.
Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası
yararsız qruntun çıxarılması, genişləndirmə işləri icra olunur,
26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan
hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya
xətlərinin köçürülməsi işləri davam etdirilir.
Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək
məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin
zəruri olan yerlərdə yeraltı keçidlər və yol üzərində yeni
avtomobil körpülərinin tikintisi davam etdirilir. Artıq 24
suötürücü borunun, 4 yeraltı keçidin, 12 ədəd kommunikasiya xətləri
üçün nəzərdə tutulan ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Hazırda layihədə nəzərdə tutulan yolun 0.2, 6.1, 37 və 63-cü
kilometrlik hissəsində avtomobil körpülərinin inşası davam edir,
körpülərdə svay və betonlanma işləri icra olunur.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil
yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun
inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə
rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa
müsbət təsir göstərəcək.