Fransanın bir sıra rayonlarında anomal istilər səbəbindən açıq havada tədbirlərin təşkili qadağan edilib.
AzerTimes xəbər verir ki, həmçinin sərinləşdirici sistemlə təmin olunmayan binalarda da kütləvi tədbirlər keçirilməsinə, o cümlədən konsertlərə qadağa qoyulub.
Bu həftə Fransada havanın hərarəti 40 dərəcəyədək yüksəlib. İstilərin pik səviyyəsi iyunun 18-nə təsadüf edib. Bu il ölkəyə yay istiləri adi vaxtda olduğundan tez gəlib. Anomal istilər Şimali Afrikadan isti hava kütləsinin daxil olması ilə izah edilir.
İsti hava İspaniya, İtaliya və Böyük Britaniyada da hökm sürür. Bu istirahət günlərində İspaniyada 43, Britaniyada 33 dərəcəyədək isti proqnozlaşdırılır. Quraqlıq səbəbindən İtaliyanın ən böyük çayı olan Po çayının səviyyəsi o qədər enib ki, suyun altında gəmilərin qalıqları görünür.
Alimlər hesab edirlər ki, Avropada müşahidə olunan anomal hava şəraiti qlobal istiləşmə ilə bağlıdır.