Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib (FOTO)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın
İqtisadiyyat, Maliyyə və Dirçəliş Nazirliyinin Baş Xəzinədarlıq
İdarəsinin İkitərəfli əlaqələr və biznesin beynəlmiləlləşdirilməsi
şöbəsinin müdiri xanım Maqali Sezana ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, Elnur Əliyev Azərbaycanın Fransa ilə iqtisadi,
təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlığını qeyd edib,
biznes dairələri arasında işgüzar əlaqələri diqqətə çatdırıb.
Bildirilib ki, Fransa şirkətləri Azərbaycanda iqtisadiyyatın
müxtəlif sahələrində fəaliyyət göstərir, bir sıra layihələrin, o
cümlədən infrastruktur layihələrinin reallaşmasında iştirak
edirlər.

Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi
inkişafının əsas prioritetləri, həyata keçirilən islahatlar, Ələt
Azad İqtisadi Zonası, Fransa şirkətlərinin işğaldan azad edilmiş
ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak imkanları barədə
məlumat verilib.

Xanım Maqali Sezana ölkəmizə səfərindən məmnunluğunu ifadə edib,
Azərbaycanın regionda etibarlı tərəfdaş, Avropa şirkətləri, eləcə
də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes
mühitinə malik ölkə olduğunu vurğulayıb.

Görüşdə AZPROMO və MEDEF arasında əməkdaşlığın inkişafı,
rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təcrübə mübadiləsi, ticarətdə
müxtəlif maliyyə mexanizmlərinin tətbiqi və s. məsələlər barədə
müzakirələr aparılıb.

Teqlər: