Fransa həmişə işğalçının yanında olub, Ermənistana dəstək göstərib – Deputat

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Fransa daim ermənipərəst mövqedən çıxış edib. 44 günlük Vətən müharibəsi ərzində Fransanın ermənipərəst mövqeyi özünü daha açıq şəkildə büruzə verdi. Fransa həm Vətən Müharibəsi dövründə, həm də sonrakı dövrdə ermənipərəst mövqeyini açıq nümayiş etdirərək Ermənistanın yanında olduğunu göstərdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan həmişə Fransaya qarşı dost münasibəti göstərib: “Ancaq təəssüflər olsun ki, Fransa Azərbaycanın heç zaman bu münasibətinə adekvat cavab verməyib və həmişə işğalçının yanında olub, Ermənistana dəstək göstərib. 44 günlük Vətən müharibəsində Fransa ermənipərəst mövqeyini ortaya qoydu, Azərbaycanı haqq savaşından, öz əzəli torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədən çəkindirməyə çalışdı, ölkəmizə təzyiq göstərməyə çalışdı, amma məlum olduğu kimi Fransanın bu cəhdləri heç bir nəticə vermədi, Azərbaycan BMT qətnamələrini özü icra etdi”, – deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Fransa Azərbaycanın Vətən müharibəsindəki tarixi zəfərini, regionda yaratdığı yeni reallıqları hələ də həzm edə bilmir:

“Fransaın son qərəzli davranışları, qanunazidd hərəkətləri bunu aydın şəkildə ortaya qoyur. Belə ki, Qarabağda hazırda da mövcudluğunu davam etdirən ünsürlərin noyabrın 15-19-da Fransaya səfəri və bu ölkənin ayrı-ayrı ərazi vahidləri ilə əlaqələr qurmaq cəhdləri, isti qarşılanmaları heç bir qanuna sığmayan bir haldır. Bu ünsürlərin Fransaya səfəri Fransanın özünün qanunlarına zidd hərəktdir, lakin görünür Fransa ermənipərəst mövqeyini qanunlardan da üstün tutur”, – deyə deputat bildirib.

O qeyd edib ki, Fransanın özünün daxilində kifayət qədər problemlər mövcud olduğu halda digər regionlara müdaxilə etməyə cəhd edir: “Yaxşı olardı ki, Fransa Yeni Kaledoniya, Korsikada müstəqillik tələblərini necə boğduğuna izahat versin. Fransada milyonlarla müsəlmanın hüquqlarının pozulması, diskriminasiyaya məruz qalması, Fransada baş verən etiraz aksiyaları zamanı polis zorakılığı, nümayişçilərə qarşı qəddarlıq hər kəsə yaxşı məlumdur. Yaxşı olardı ki, Fransa başqalarının qanuni hüquqlarına qarşı çıxmaq əvəzinə daxilində olan problemlərə diqqət yetirsin”, – deyə deputat bildirib.

Teqlər: