“Foxconn” şirkəti Səudiyyə Ərəbistanında 9 milyard dollarlıq zavod tikmək niyyətindədir

Tayvanın elektronika istehsalçısı Hon Hai Precision Industry Co.
(Foxconn Technology) Səudiyyə Ərəbistanında mikroçiplər, elektrik
avtomobilləri üçün hissələr və digər elektronika istehsal edəcək
zavod tikmək üçün danışıqlar aparır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, zavoda yatırılacaq
sərmayənin həcmi təxminən 9 milyard dollar təşkil edəcək.

Qeyd olunur ki, danışıqlar ötən il başlayıb. Səudiyyə rəsmiləri “Foxconn”-un digər ölkələrdəki oxşar layihələrini
qiymətləndirirlər. Öz növbəsində şirkət maliyyələşdirmə, vergi
imtiyazları, eləcə də elektrik enerjisi və su təchizatı üçün
subsidiyalar daxil olmaqla müəyyən güzəştlər almaq
niyyətindədir.

“Foxconn” Səudiyyə Ərəbistanı ilə yanaşı, Birləşmiş Ərərb
Əmirliklərində də istehsal sahələrini yerləşdirməyi düşünür.