Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi
2022” yarışlarına hazırlıq işləri çərçivəsində Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti və Bakı Marşal Klubu marşalların bacarıq və
təcrübələrinin artırılması məqsədilə tədbir və təlimlərin təşkilinə
start verib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu
məqsədlə mayın 14-dən başlayaraq ümumilikdə dörd gün ərzində
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə
yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün
təlimlər keçirilir.
FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali
Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində
məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı
əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının
yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin
çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının
daha da artırılmasıdır.
Nəzəri və praktik hissələrdən ibarət bu təlimlərdə ümumilikdə
191 nəfər iştirak edib. Akademiyanın xüsusi ixtisaslı təlim-tədris
heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o
cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün
belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin
təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi
məqsədilə təqdimatlar edilib.
Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın
təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi
texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah
olunub.