FHN yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

Nazirlikdən AzerTimes-a bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın
Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil
qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara
yararsız yük gəmisində aparılan doğrama işləri ilə əlaqədar yoxlama
zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud
olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf
mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı
müəyyən edilib. Belə ki:

– obyektin ərazisi, doğrama işləri aparılan sahələr neft və
mazut tullantılarından təmizlənməyib;

– açıq alovun tətbiqi ilə işlər icra edilərkən yanar
konstruksiyaları qığılcımlardan qorumaq üçün obyektin ərazisi
gəzdirilən çəpərlərlə hasarlanmayıb;

– açıq od ilə icra edilən iş yerləri, qaynaq aqreqatları və
transformatorların qurulduğu yerlər 5 metr radiusda hər cür yanar
materiallardan təmizlənməyib;

– obyektin ərazisində elektro-qaz qaynaq işləri zamanı nasaz
cihazlarla işləmək qadağan edilməyib;

– obyektin ərazisində yanğın baş verdikdə zəruri davranış
qaydaları və yanğının söndürülməsinin təşkilinə dair tədbirlər
görülməyib;

– obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə
(təlimatla) yanğına qarşı rejim müəyyənləşdirilməyib;

– obyektdə elektrik enerjisinin kəsilməsi halları nəzərə
alınaraq, xidməti heyət ehtiyat elektrik generatoru ilə təmin
edilməyib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən
balonlarla tam təmin olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın
hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin
əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət
növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında”
Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti
Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər
tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin
pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil
qəsəbəsində “Az Steel Company” MMC-yə məxsus ərazidə istismara
yararsız doğranmaqda olan yük gəmisində işlərin dayandırılması
barədə Qərar qəbul olunub.

Teqlər: