FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
mütəmadi olaraq azyaşlıların mənzillərdə bağlı qapı arxasında
köməksiz vəziyyətdə qalması ilə bağlı məlumatlar daxil olur. Bütün
hallarda Nazirliyin müvafiq qüvvələri tərəfindən həyata keçirilən
operativ əməliyyatlar sayəsində köməksiz (təhlükəli) vəziyyətdə
qalan azyaşlılar xilas olunaraq ailə üzvlərinə və ya yaxınlarına
təhvil verilir.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, bu kimi
hadisələrlə bağlı aparılan təhlillər onu deməyə əsas verir ki,
bəzən valideynlər ən sadə səbəblərdən (qonşuya baş çəkmək,
həyətdəki mağazaya düşmək və s.) azyaşlıları evdə tək qoyur və
nəticədə, bir sıra hallarda qapının açılması qeyri-mümkün
olduğundan xilasedicilərin köməyinə ehtiyac yaranır.

Qeyd olunanları, habelə mənzillərdə azyaşlıların həyatına
təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və
pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin,
kəsici alətlərin və s. mövcudluğunu nəzərə alaraq, valideynləri
uşaqlara qarşı diqqətli olmağa və onları heç bir halda tək
buraxaraq mənzili tərk etməməyə çağırırıq.

Teqlər: