FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi növbəti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı
ilə Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik
Texnikası Elmi-Tədqiqat İnstitutunda “Əməyin təhlükəsizliyi – iş
prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir”
mövzusunda seminar-müşavirə keçirilib. Seminar-müşavirə təhlükə
potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye
müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili
və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil
olunub.

Trend xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin,
Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərinin, ayrı-ayrı
müəssisələrin məsul vəzifəli nümayəndələri, sənayenin müxtəlif
sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti
Dövlət Agentliyinin rəis müavini Piri Quluzadə tədbiri açıq elan
etdikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müdrik rəhbərliyi ilə ölkədə həyata keçirilən mütərəqqi
iqtisadi siyasətin əhəmiyyətindən danışaraq, dövlət başçısı
tərəfindən sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət
göstərən iş adamlarına göstərilən xüsusi diqqət və qayğıdan
danışıb. Rəis müavini sənaye müəssisələrində texniki
təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, bu
sahədə qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin
zəruriliyini vurğulayıb.

Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik
Texnikası Elmi-Tədqiqat İnstitutunun baş mütəxəssisi Nəsib Nəsibov
sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki
təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlərdən danışıb,
sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində
istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər
barədə iştirakçılara məlumat verib.

Tədbirdə Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında
işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil
Mənsimov, Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə
nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev, Maye və təbii qaz
obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət
müfəttişliyinin rəis vəzifəsini müvəqqəti icra edən Eldar Əhmədov, “Azneft” İB-nin SƏTƏM şöbəsinin rəisi Mübariz Şamilov, “Azəriqaz”
İB-nin SƏTƏM şöbəsinin rəisi İlkin Behbudov çıxış edərək texniki
təhlükəsizliklə bağlı mövcud problemlərdən söz açıb, bədbəxt
hadisələrin qarşısının vaxtında alınması üçün zəruri olan
qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər
səsləndiriblər.

Sonra mövzu ətrafında geniş müzakirə aparılıb, qaldırılan
suallar cavablandırılıb.

Teqlər: