FHN müvafiq qüvvələri su basmış ərazilərdə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirləri davam etdirir (VİDEO)

Son günlər ölkə ərazisində hava şəraitinin qeyri-sabit və kəskin
keçməsi, intensiv yağıntıların düşməsi səbəbindən bir sıra yaşayış
məntəqələrində bəzi fərdi yaşayış evləri, həyətyanı və əkin
sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz
qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,
yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal
ərazilərə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq
qüvvələri tərəfindən su basmış ərazilərdə xilasetmə, suçəkmə və
digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam
etdirilir.

Belə ki, gün ərzində Xaçmaz rayonunun Meşəli qəsəbəsində, Füzuli
rayonunun Aşağı Yağlıvənd kəndində, Masallı rayonunun Köhnə Alvadı
kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd
kəndində müvafiq olaraq suçəkmə və təxliyə tədbirləri həyata
keçirilib.

Ümumilikdə gün ərzində FHN-in qüvvələri tərəfindən Masallı və
Cəlilabad rayonlarının su basmış ərazilərindən 12 nəfər və
qarlı-şaxtalı havada Siyəzən rayonunda dağda yolu azaraq köməksiz
vəziyyətdə qalmış 4 nəfər təhlükəsiz əraziyə təxliyə edilərək xilas
olunub.

Teqlər: