Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin
təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə
“Bakı Metropoliteni” QSC-nin “Əhmədli” stansiyasında yanğın-taktiki
təlim keçirilib.
Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN)
mətbuat xidmətindən bildiriblər.
Təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə
bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə
biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da
təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin
yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və
bacarıqlarının artırılması olub.
Təlimin mövzusu stansiyada yerləşən 50 saylı şaxtanın elektrik
lövhəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı
vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları
tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının
söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə
“məlumat verilib”.
Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə
Xidmətinin Nizami və Xətai Rayon Yanğından Mühafizə hissələrinin
qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək
“tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların
təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa
müddətdə uğurla icra ediblər.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in Dövlət Yanğın
Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən metropolitenin
işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri
hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi
üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları
ətraflı izah edilib.