Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin yaratdığı
fəsadlarla bağlı məlumat yayıb.
Nazirlikdən AzerTimes-a verilən məlumatda deyilir:
“Məlum olduğu kimi, ölkə ərazisində ötən gündən başlayaraq hava
şəraiti kəskin pisləşib, xüsusilə də Bakı şəhərində güclü külək
müşahidə olunub. Küləyin təsirindən paytaxt Bakıda bir sıra
fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin
“112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında
Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz
təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış
binasının damında dəmir parçasının qoparaq asılı vəziyyətdə qalması
barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə cəlb olunmuş
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri
dəmir parçasını götürərək təhlükəni aradan qaldırıblar.
Bundan əlavə, güclü küləyin təsirindən Bakı şəhəri, Sabunçu
rayonunda yerləşən birmərtəbəli fərdi yaşayış evinin dam örtüyünün
yerindən qoparaq asılı vəziyyətdə qalması və vətəndaşlar üçün real
təhlükə yaratması barədə daxil olmuş məlumata əsasən XRXX-nin
xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər dam
örtüyünü ərazidən müvafiq qaydada götürərək təhlükəni aradan
qaldırıblar”.