FHN-in elmi-tədqiqat institutu nüfuzlu sertifikatlara layiq görülüb (FOTO)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi
və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin
Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu bir
neçə nüfuzlu beynəlxalq sertifikata layiq görülüb.

Trend xəbər verir ki, daim təkmilləşən və müasir standartların
tətbiqinə xüsusi əhəmiyyət verən İnstitutun fəaliyyəti müvafiq
beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir. Bunun
nəticəsi olaraq, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və
Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ISO 9001 “Keyfiyyət
idarəetmə sistemi”, ISO 14001 “Ətraf mühitin mühafizəsi idarəetmə
sistemi” və ISO 45001 “Sağlamlığın mühafizəsi, əməyin
təhlükəsizliyi idarəetmə sistemi” sertifikatlarına layiq
görülüb.

Qeyd edək ki, ISO 9001 “Keyfiyyət idarəetmə sistemi” beynəlxalq
standartının tələbləri çərçivəsində idarəetmə sisteminin effektiv
tətbiqi yolu ilə müştəri məmnunluğunun artırılması qarşıya məqsəd
qoyulur. Bu standartın tətbiqi, həmçinin təhlükə potensiallı
obyektləri istismar edən, eləcə də sənayenin digər sahələrində
fəaliyyət göstərən müəssisə və təşkilatlara bu sahədə lider mövqeyə
çatmaqda yardımçı olacaq.

ISO 14001 “Ətraf mühitin mühafizəsi idarəetmə sistemi”
İnstitutun fəaliyyət istiqamətləri üzrə işləri ətraf mühitə zərər
vurmadan, təkrar emal, təbii resurslardan optimal şəkildə və
maksimum effektivliklə istifadəni təmin edir. Bu standartın tətbiqi
ətraf mühitə mənfi təsirin sistematik azaldılmasına, enerji və su
ehtiyatlarının daha qənaətlə istifadəsinə xidmət edəcək. Eyni
zamanda, sözügedən standartların tətbiqi tullantıların nəzarət
altında təkrar istifadəsinə, istismar xərclərinin ixtisar olunması
vasitəsilə müəssisənin xərclərinin azaldılmasına gətirib
çıxaracaq.

ISO 45001 “Sağlamlığın mühafizəsi, əməyin təhlükəsizliyi
idarəetmə sistemi” standartının tətbiqi isə iş yerlərində
insidentlərin sayının azaldılması, sığorta xərclərinin azaldılması,
işçilərin sağlamlıq və təhlükəsizliyi ilə bağlı tədbirləri əhatə
edir. Həmçinin, bu standartın tətbiqi iş fəaliyyətinin bütün
sahələrində qəzaların, bədbəxt hadisələrin baş verməməsi və peşə
xəstəliklərinin qarşısının alınmasına, bu məqsədlə daim qabaqlayıcı
tədbirlər görməyə, işçilərin sağlamlığına və həyatına təhlükə
yaradan bütün əməliyyatların qarşısını almağa köməklik edir.

Qeyd edək ki, bu standartlar fəaliyyət sahəsi və ixtisasından
asılı olmayaraq istənilən təşkilat üçün tətbiq oluna bilər.

Teqlər: