FHN-də Xocalı faciəsi qurbanları anıldı – Foto

FHN-də Xocalı faciəsi qurbanları anıldı – Foto

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AzerTimes xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd ediblər. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıblar.

Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirən natiqlər vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanları və şəhidlərimizin intiqamını alıb.

Tədbirdə Bakı Mühəndislik Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dədəyev “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda çıxış edərək soyqırımı ilə bağlı tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda Xocalı soyqırımı haqqında “İnsanlıq utancı Xocalı soyqırımı” adlı sənədli film nümayiş olunub.

Teqlər: