Fövləqadə Hallar Nazirliyi bu həftəsonu üçün verilən qapadılma qərarı ilə bağlı çimərliklərə getmək istəyənlərə xəbərdarlıq edib.
FHN-dən verilən məlumata görə, son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonununda yaşayan vətəndaşların göstərilən tarixlərdə evdə qalmaları bildirilir və çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan olunur.
Nazirlik vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırır.
Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib.