Fevralın 24-dən etibarən DİM apellyasiya təşkil edəcək

Magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə
baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 24-dən
etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə)
apellyasiya prosesi təşkil edəcək.

DİM-dən AzerTimes-a bildirilib ki, Apellyasiya Komissiyasına
müraciət etmək istəyənlər fevralın 22-24-də DİM-in saytında
yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə
müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.

Xatırladaq ki, fevralın 20-də DİM ali təhsil müəssisələrinin və
AMEA-nın magistraturalarına qəbul imtahanı keçirib. İmtahan
respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron,
Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 imtahan
binasında aparılıb.

İmtahanda iştirak üçün 17 min 97 bakalavr ərizə təqdim edib.


Bütün binalarda eyni vaxtda başlanan imtahan 3 saat davam edib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah
fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla
əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün
binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların
öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait
yaradılıb.

COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri
çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən
ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb,
zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan
otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə
əyləşdirilməsi təmin edilib. İmtahan iştirakçılarının bədən
hərarətləri normaya uyğun olub.

Fevralın 21-dən etibarən DİM-də imtahan protokollarının və cavab
kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3 gün
ərzində elan edilməsi nəzərdə tutulur.

Teqlər: