Fermerlərə 30 milyon manat subsidiya ödənildi

Fermerlərə 30 milyon manat subsidiya ödənildi

Dövlət sentyabrın 15-dək fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib.

Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, bu məbləğin 17 milyon manatı pambıq, 1 milyon manatı isə tütün və çəltik istehsalçılarına çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50 146 nəfər) subsidiya alıb. Bu fermerlərin 19 515 nəfəri pambıq istehsalçısıdır. Bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 525 500 subsidiya ödənilib.

19 min nəfərə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.

Ölkəmizin 30 rayonundan olan 3 382 kümçü istehsal müəssisəsinə 279 884 kiloqram barama təhvil verərək, 1.4 milyon manat məbləğində dövlət subsidiyası alıb.

Qeyd edək ki, 2020-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət subsidiyaları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) onlayn platforması üzərindən müraciət və təsdiq əsasında, Fermer Kartlarına köçürməklə verilir. Bu günədək EKTİS-də 519 674 fermer qeydiyyatdan keçib. Payızlıq və çoxillik əkinlər də daxil olmaqla, dövlət fermerlərə yeni qaydalarla 229 milyon manat subsidiya ödəyib.