“Eurohome”un fəaliyyəti qismən dayandırılıb (FOTO/VİDEO)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2
ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı
mərkəzində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı
nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya
sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa
təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– mərkəzin ərazisində hazırda Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən istismara qəbul olunmadan 30 obyekt fəaliyyət
göstərir;

– yanğın su hovuzu inşa edilməyib və hidrantlar quraşdırılmayıb,
mövcud müvəqqəti quraşdırılmış yerüstü su çənindən yanğın
avtomobillərinin su götürməsi qeyri-mümkündür;

– mərkəzin ərazisində fəaliyyət göstərən obyektlərdə elektrik
naqilləri yanar materialların üzərindən çəkilib, avtomatik yanğın
xəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;

– mərkəz ilkin yanğınsöndürmə vasitələri və odsöndürən
balonlarla tam təmin olunmayıb;

– mərkəzin tikintisi üçün layihə sənədləri Dövlət Yanğın
Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

– obyektlərdə olan insanları yanğın hadisəsi haqqında xəbərdar
etmək üçün xəbərverici qurğular quraşdırılmayıb.

Beləliklə, mövcud vəziyyətdə obyektin istismarının davam
etdirilməsi orada hər an baş verə biləcək yanğının qısa müddətdə
genişlənərək faciəni qaçılmaz edəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın
hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin
əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət
növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında”
Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 9-cu bəndini,
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun 28-ci maddəsini, eləcə də “Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti
Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndinin tələblərini rəhbər
tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin
pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu,
Təbriz küçəsi, ev 2 ünvanında yerləşən “Eurohome” tikinti
materiallarının satışı mərkəzində işlərin və xidmətlərin
göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul
olunub.

Teqlər: