Əsl türk, əsl alim olan “əfqan” getdi…

Əsl türk, əsl alim olan “əfqan” getdi…

Əsl Borçalı kişisi idi: üzünün bütün cizgiləri, qalın səsi, yerişi, boy-buxunu, ədaları, qüruru ilə…

Pafosdan, patetikadan kənar, “nə mutlu türküm deyənə” ifadəsini işlətmədən, sadəcə, türkün kimliyini varlığında daşıyan və öz timsalında türkə sevgini artıran, hüceyrələrinə qədər bu milləti təmsil edən kişi…

Atsızdı, Bozqırsızdı, qılıncsızdı, ancaq onu görəndə at üstündə sanırdın, Bozqır alaçığından indicə çıxdığını düşünürdün, qılınclı təsəvvür edirdin. Çünki ruhu atlı idi; çünki səsi min illərin o tayından, Bozqırdan qopub gəlirdi; çünki sözü qılınc idi – tariximizə xor baxanların bağrına dərhal sancılırdı.

Kim nə deyir-desin, türk tarixini və türk mədəniyyətini – tanrıçılığı, şamanizmi rus alimlərindən gözəl araşdıran olmayıb: Anoxindən, Bartolddan Qumilyova qədər. O ayrı məsələ ki, araşdırdıqlarının çoxu “özləri üçündür”, bizə təqdimatları fərqlidir.

Rusiyanın elm-mədəniyyət ocağında təhsilini davam etdirmişdi – Sankt-Peterburqda. Bəlkə də ordan qaynaqlanırdı türk tarixi bilgiləri.

Bu ölkədə antropologiyanı mükəmməl bilən nadir alimlərdən idi. İnsanın yaranması və inkişafında türklərin yerinin harda olduğunu onun qədər hiss edən ikinci alimə rast gəlmədim.

Qəribə taleyimiz var bizim: tarix yaratmışıq, ancaq tarixi yazmamışıq, yaratdığımız tarix çox vaxt bizi sevməyənlərin qələmi ilə tarixləşib. İndi bizi sevməyənlərin qələmi ilə yazılan tarixə istinad etmək məcburiyyətindəyik.

Kərəm müəllim canı, qanı ilə hiss etdiyi tarixin qaranlıq səhifəsində bəzən o “mənbələrdən” yan keçməyə məcbur olurdu, onlara qarşı çıxırdı, təhrifləri düzəltməyə uğrunda çarpışırdı – bəzən fəhmlə, bəzən qan yaddaşı ilə türk tarixi sarayının kərpiclərini yerinə oturdurdu. Bu zaman “mənbələrlə işləyən” tarixçilərlə üz-üzə gəlməyə məcbur qalırdı. Əlbəttə ki, “tarix elmi” baxımından qarşısındakıların haqlı çıxdığı zaman da olurdu, ancaq onlar da Kərəm müəllimin “üstünə gedə” bilmirdilər. Çünki Kərəm Məmmədlinin hansı səviyyədə alim olduğunu gözəl bilirdilər. Əgər hiss etdiyini deyirsə, tarixi bəlgəsini də mütləq ortaya qoyacaq – “tərs yazılan” tarixin özünü düz oxumaqla…

70-dən artıq kitabı var: dərslik, araşdırma, tədqiqat… Kərəm müəllim nə zaman vaxt etmişdi bunlara? Axı, o, hər zaman hər kəsin yanında olmağa, hamının sualına həvəslə cavab verməyə, hətta tariximiz üçün verilişlər aparmağa da hazır idi və edirdi.

“Əfqan” idi – 3 il Əfqanıstanda xidmət etmişdi, bir dəfə də olsun, onun “əfqan”lığından istifadə etdiyini və güzəşt istədiyini görən olmadı. Amma bu xidmət onun xarakterində iz buraxmışdı: axı, əsl əsgər döyüş yoldaşlarını heç vaxt tək qoymur!

Kiminlə ünsiyyət qururdusa, qısa müddətdə onda dərin iz buraxırdı, sevgisini qazanırdı. Ancaq buna görə heç vaxt canfəşanlıq etmirdi, necə vardısa, eləcəydi; təsiri “olduğu kimi olması”nın nəticəsiydi.

Bir neçə gün, bəlkə də həftə (zaman elə tez keçir ki) əvvəl zəng etmişdi. Salamlaşdı, tanımadığını hiss etdim, sadəcə, saytda gedən açıqlamasına iradını bildirdi, “sanki bir qəsd var mənə” deyə etiraz etdi.

“Bu saytda kimsəyə qəsd olmaz, o ki qala böyük türk kişisi ola. Həm də, Kərəm müəllim, o qədər vəfasız deyiləm ki, “domino yoldaşımı” (“naparnik” dedim) unudum. Əlimiz də yaxşı tuturdu, necə məni unuda bilərsiniz?” – dedim.

Telefonun o başında uğunub getdi: “Onda sən çoxdandı dövrədə deyilsən, yoxsa unutmazdım”.

Hə, Kərəm müəllim, çoxdandır, lap çoxdandır dostlarla görüşə, xeyir-şərə gedə bilmirəm – bu da bir taledir, bu da qismətdir. Bunları sizə deyə bilmədim. Bax, Sizin ölüm xəbərinizi alanda da yas yerinə gələ bilmədim…

…Siz yaxşı insan, yaxşı dost, səmimi adam, millətini dəhşətli dərəcədə sevən alim idiniz, Kərəm müəllim!

Siz türk kimliyini özündə daşıyan, təbliğ edən, qoruyan, onu millətin yaddaşına yazan ziyalı idiniz, Kərəm müəllim!

Böyük itki oldu, yeriniz heç zaman dolmaz.

Tanrı məkanınızı uçmaq etsin!

Teqlər: