Ermənistanın hazırkı mövqeyi bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə vura bilər – Sahil Kərimli (FOTO)

Sülh danışıqlarını pozmaq, revanşistlərin İrəvan küçələrində
kütləvi ixtişaşlar törədərək vəziyyəti daha da gərginləşdirmək
cəhdləri Ermənistan üçün ağır faciələrə gətirib çıxara bilər.
Hazırda görünən odur ki, Ermənistandakı separatçı qüvvələr ölkəni
yeni müharibəyə sürükləyir və erməni xalqını qırğına vermək
istəyir.

Bu fikirləri Yeni TV-yə müsahibəsində Trend BİA-nın Baş direktor
müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

O qeyd edib ki, bu gün ordumuz istənilən hərbi təxribatın
qarşısını xüsusi peşəkarlıq və qətiyyətlə almağa qadirdir. Amma biz
müharibənin əleyhinəyik: “Azərbaycan Prezidenti cənab İlham Əliyev
də növbəti dəfə bəyan etdi ki, biz yeni müharibə istəmirik.
Azərbaycan Ermənistanla düşmənçilik səhifəsini qapatmaq, yeni dövrə
qədəm qoymaq niyyətindədir. Azərbaycan Cənubi Qafqazda sülhə və
təhlükəsizliyə nail olmağa çalışır. Amma təəssüf ki, Ermənistan
rəhbərliyi son dövrlərdə üzərinə götürdüyü öhdəliklərə, verdiyi
sözlərə, əldə olunan razılaşmalara əməl etmir. Əlbəttə ki, bu mənfi
tendensiya Ermənistan üçün yaxşı heç nə vəd etmir, əksinə, ölkəni
növbəti faciələrə sürükləyir”.

S.Kərimli, həmçinin, bildirib ki, Ermənistanla Azərbaycan
arasındakı sülh danışıqları ilə bağlı ümidlər, gözləntilər hələ tam
tükənməyib.

“Danışıqların davam etdirilməsi və yeni nəticələrin əldə
edilməsi istiqamətində səylər güclənməldir. Bu prosesdə beynəlxalq
dairələr və nüfuzlu təşkilatlar da Ermənistana sərt təzyiqlər
göstərməlidir. Məlumdur ki, Ermənistanın hazırkı mövqeyi bölgədə
sülhə və təhlükəsizliyə böyük zərbə vura bilər. İrəvanın yeganə
çıxış yolu sülh prosesini tezləşdirmək, danışıqları davam etdirmək
və münasibətləri irəli aparmaqdan ibarətdir. Danışıqlar mənasız
olduğu halda, “dəmir yumruq” yenə öz sözünü deyəcək”, – o əlavə
edib.

Teqlər: