Bütün bu məsələlər əslində Qarabağda Azərbaycanın 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatının icrası məsələsi ilə bağlı qoyduğu tələblərdir. Rusiya prezidenti də əslində bu sənədlər əsasında münasibətlərin davam etməsinə maraqlı olduğunu göstərir.
Bu sözləri AzerTimes-a millət vəkili Fazil Mustafa azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya haqda danışarkən deyib.
O bildirib ki, Rusiya prezidenti bu məsələyə maraq göstərirsə, Naxçıvanla olan yolun açılması, Laçın dəhlizinin nəzarətdə saxlanması və digər məsələlər orada öz həllini tapmalıdır:
“Təəssüf ki, indiyə qədər bu baş verməyib. Azərbaycanın qeyri-hökumət təşkilatlarının aksiyası əslində məhz proseslərin bu istiqamətdə artıq Azərbaycan tərəfindən güzəştsiz həyata keçiriləcəyini göstərir. Azərbaycan öz ərazisində olan bu sahələrə nəzarət etdiyini bir daha ortaya qoyur. Bu xarakteri də mütləq göstərmək lazımdır.
Ermənilərin hansı hərəkətetmə trayektoriyası olacaqsa, istər ekoloji, istər insan terroru addımları Azərbaycan onları durdurmaq üçün əlindən gələni edəcək. Ona görə də bu məsələlər biraz da vətəndaş fəallığının artırılması ilə yekun sonluğa gəlib çıxmalıdır. Çünki indiki vəziyyətdə istiqamət onu göstərir ki, Rusiya tərəfinin ya gücü çatmır, ya da məqsədyönlü şəkildə proseslərin bu yöndə inkişafına maraqlı görünür. Biz də çalışmalıyıq ki, Rusiyanın bəyannamədən kənar fəaliyyətini müəyyən dərəcədə üzə çıxaraq və onun yekunlaşmasına çağırmağı təmin edək. Çünki bəyannamədən kənar hansısa fəaliyyət özfəaliyyət kimi qəbul olunacaq. Azərbaycan tərəfi isə buna qarşı sərt reaksiyasını ortaya qoyacaq.
Hər-halda gedişat onu göstərir ki, biz daha qətiyyətli şəkildə öz hüquqlarımızı və torpağımızın ayrı-ayrı istiqamətlərində monitorinqlərin aparılmasını təmin etməliyik. Çünki indidən bu istiqamətdə boşluq yaransa, sonradan bunu düzəltməyə heç cür imkan olmayacaq”.