Ermənistanın Avropa İttifaqına qarşı riyakarlığı – Vüqar Rəhimzadə

Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın
kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli
üçtərəfli Bəyanatın imzalanmasından ilyarımdan artıq vaxt keçsə də
Ermənistan sənəddə əks olunmuş və sonrakı bəyanatlarla bir daha
möhkəmləndirilmiş öhdəliklərini pozmaqda davam edir. Diqqət çəkən
məqam yenə də işğalçı dövlətin bu mövqeyinin dünya gücləri
tərəfindən laqeydliklə qarşılanmasıdır. Bu baxımdan ki, dünyanın
aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar regionda sülhün
və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanla Ermənistan
arasında münasibətlərin normallaşdırılmasına dəstək verməyə hazır
olduqlarını bildirsələr də hələ ki, Avropa İttifaqından başqa
hansısa qurumun, dövlətin konkret addım atdığını görmək mümkün
deyil. Azərbaycan sülh müqaviləsini təklif etməklə yanaşı, onun
qısa zamanda imzalanmasının vacibliyini ən yüksək tribunalardan
bəyan edir. 30 illik işğal dövrünün reallıqlarından fərqli olaraq
hazırkı mərhələdə Azərbaycan qalib ölkə kimi diktə edən tərəf
olaraq bu çağırışı edir ki, sülh təklifi uzun müddət masa üzərində
qala bilməz. Bu, Ermənistan üçün son şansdır. Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bu ilin aprel
ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın
baş naziri Nikol Paşinyanın Brüssel görüşündə qəbul olunan sənəddə
ölkəmizin irəli sürdüyü 5 prinsip işğalçı dövlətin rəhbərliyi
tərəfindən dəstəklənmişdir. Əslində başqa cür də ola bilməzdi.
Çünki bu təkliflər ötən ilyarım ərzində Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılmasına xidmət edən addımlardır. Bu
reallığın fonunda sual olunur: Ermənistan sülh müqaviləsinin
imzalanmasına səy göstərirmi? Ermənistanda cərəyan edən son
hadisələr, həmçinin baş nazir Nikol Paşinyanın sərsəm bəyanatları
işğalçı dövlətin sülh müqaviləsinin imzalanmasında maraqlı
olmadığını ortaya qoyur. Ermənistan kommunikasiyaların açılmasını,
sərhədlərin delimitasiyasını gecikdirir, Birinci Qarabağ
müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və
kütləvi məzarlıqlar barədə məlumat verməkdən, vaxtilə işğal altında
saxladığı ərazilərin mina xəritələrini təqdim etməkdən boyun
qaçırır. UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin
monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar RəhimzadəAzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistan sərhədlərin
delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının
vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları açıq-aşkar pozur:
“Dövlət başçısı İlham Əliyev ölkəmizdə səfərdə olan Litva
Prezidenti Gitanas Nauseda ilə birgə mətbuata bəyanatında bu fikri
xüsusi qeyd etmişdir ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və
qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. İkinci Qarabağ
müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan
var. Postmünaqişə vəziyyətinə gəldikdə, müəyyən nikbinlik var.
Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan
tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci
Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh
müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair
birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Bu,
Ermənistan tərəfindən müsbət qarşılanmadı. Sonra Azərbaycan beş
prinsipi dəqiqləşdirdi. Hansı ki, bunlar beynəlxalq hüququn əsas
prinsipləridir, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və yaxşı
beynəlxalq təcrübə və davranışlara uyğundur. Ölkə Prezidenti ümid
etdiyini ifadə etmişdir ki, Ermənistan həmin prinsipləri qəbul
etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalacaq və bu, sülh
sazişi üçün əsas olacaq.

Onu da qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldə əldə olunan razılaşmaya
görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin
bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrupu
yaratmalı, müvafiq görüşlər keçirilməli və əməli fəaliyyətə
başlanmalı idi.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan
işçi qrupunu vaxtında yaratsa da, Ermənistan tərəfindən real
hərəkətlilik müşahidə edilmir. “Bütün hallarda hələ də mövcudluğu
inkar edilməyən ikili standartlara əsaslanan siyasət öz sözünü
deyir. Bu baxımdan ki, görünür Azərbaycan Ordusunun 44 günlük
İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, işğalçı
dövlətə verdiyi dərs unudulub. Dünyanın bəzi gücləri zamanında
Ermənistana nümayiş etdirdiyi destruktiv mövqeyə görə sanksiyalar
tətbiq etsəydilər, hər halda İkinci Qarabağ müharibəsi baş
verməyəcəkdi. Beynəlxalq hüququn norma və prinsiplərinin vahid
mexanizm əsasında tətbiqini apxa plana keçirən bəzi dünya gücləri
bunun yaratdığı faciələri artıq tarixin arxivinə atılmış Dağlıq
Qarabağ münaqişəsinin timsalında gördü. 30 il işğalçıya dəstək olub
torpaqlarımızın unudulacağı ilə bağlı özlərində əminlik yaradan
Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycanın dəyişməz
mövqeyi fonunda hazırkı durumun yaşanacağından xəbərdar idilər.
Çünki rəsmi Bakı dəfələrlə ən yüksək tribunalardan bəyan edirdi ki,
bir qarış torpağımız belə düşmənə verilməyəcək. Sülh danışıqları
səmərə verməyəcəyi təqdirdə hərb variantı istisna edilmir. 44
günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqidir. Bu gün bəzi
dünya güclərinin yenə eyni mövqeni sərgilədikləri müşahidə edilir.
Azərbaycan ədaləti bərpa etdi, Dağlıq Qarabağ münaqişəsini tarixə
qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı
olduğunu bəyan etdi. Amma Ermənistan konstruktiv mövqe ortaya
qoymur, dünya yenə də seyrçi mövqedə dayanır. Konkret addımlar
atmağın, Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etməyin
zamanıdır.”

Vüqar Rəhimzadə bu məqama da diqqəti yönəldib ki, Ermənistan
sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin
sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü və Azərbaycan
da bu təklifi dəstəkləmişdi: “Amma Ermənistan artıq aprelin 29-na
razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may
tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı
icra etmədi. Ermənistanın bu gün atdığı addımlar bizi 30 illik
işğal dövründə nümayiş etdirdiyi mövqeyi yada salır. Məsələ
burasındadır ki, münaqişənin həlli ilə bağlı prezidentlər
səviyyəsində görüşün vaxtı təyin olunan kimi Ermənistan tərəfi bu
görüşdən yayınmaq üçün müxtəlif bəhanələrə əl atırdı. Daha çox
istifadə edilən taktika atəşkəsi pozmaq idi. Bu gün də həmin
ssenariyə uyğun addımlar atılır. Atəşkəs pozulur, Ermənistanın baş
naziri qatıldığı tədbirlərdə sülh müqaviləsinə kölgə salacaq sərsəm
bəyanatlar səsləndirir.”

“Qeyd etdiklərimiz göstərir ki, Ermənistan daim öhdəlikləri
yerinə yetirməyən, Azərbaycan isə hər zaman vədinə sadiq qalan ölkə
kimi diqqət çəkib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı
Şurasının Prezidentinin iştirakı ilə söz vermişdik və biz vədimizə
sadiq idik. Lakin biz eyni münasibəti Ermənistan tərəfindən də
görməliyik”, – deyə YAP Xətai rayon təşkilatının sədri
bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, öhdəliklərini addımbaşı pozan
Ermənistanın bu hərəkətləri məsuliyyətsizlik və sabotajdır.
Azərbaycan tərəfi artıq tarixə qovuşmuş Dağlıq Qarabağ
münaqişəsinin həllində vasitəçilik missiyasını Ermənistana xidmətdə
görən ATƏT-in Minsk qrupunu tarixin arxivinə göndərdiyi halda,
işğalçı dövlət hələ də bu vasitəçiliyin bərpasına ümid edir. Avropa
İttifaqının neytral mövqe sərgiləyərək vasitəçiliyini davam
etdirməsinə Ermənistan üzdə narazılığını bildirməsə də sülh
müqaviləsinin imzalanması ilə bağlı ATƏT-in Minsk qrupundan təklif
gözləməsi bir çox qaranlıq məqamların açıqlanmasında yardımçıdır.
Digər tərəfdən, bütün razılaşmaları pozan Ermənistan Xarici İşlər
Nazirliyinin gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin
delimitasiyası və sülh danışıqlarına dair görüşün Moskvada
keçirilməsinə hazır olduqlarını bəyan etməsi də səbəbsiz deyil və
çoxsaylı sualların yaranmasına rəvac verir.”

Vüqar Rəhimzadə bildirib ki, baş verənlər növbəti dəfə
Ermənistanın riyakarlığını göstərir: “Belə ki, əvvəlcə görüşün
Rusiyanın iştirakı olmadan sərhəddə keçirilməsini təklif edən rəsmi
İrəvan sonradan Moskvanın təzyiqi altında görüşün Rusiyada
keçirilməsinə hazır olduğunu bildirir. Bununla əvvəlcə Moskvanı
kənarda qoymaq istəyən Ermənistan sonradan təzyiq qarşısında Avropa
İttifaqını prosesdən kənarlaşdırmağa çalışır. Müstəqilliyi formal
xarakter daşıyan Ermənistan yenə də Rusiyadan asılılığını
təsdiqləyir”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, mayın 22-də
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol
Paşinyan arasında növbəti görüşün keçiriləcəyi gözlənilir: “Hər bir
görüş postmünaqişə dövrünün reallıqlarının beynəlxalq səviyyədə
qəbul edilməsinin təqdimatıdır. Baxmayaraq ki, Ermənistan hələ də
Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində qazandığı
böyük uğurları, tarixi Zəfərimizi həzm edə bilmir, amma reallıqlar
ona diktə edir ki, yalan təbliğatın, siyasətin ömrü uzun ola
bilməzdi. Bu cür siyasətin son nəticədə haqqın, ədalətin qarşısında
diz çökəcəyi gün uzaqda deyildi. Bunun üçün dünya ədalət deyilən
prinsipin mövcudluğunu qəbul etməli, işğalçını adı ilə çağırmalı
idi. Necə ki, 44 günlük Vətən müharibəsində buna nail olduq.
Azərbaycan bu gün də sülh gündəliyinə sadiqdir və ümid edirik ki,
Ermənistan nəhayət, ona verilən son şansdan yararlanacaq.”

Teqlər: