ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı təhrikedici xarakter daşıyır – İqor Korotçenko

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin bəyanatı təhrikedici
xarakter daşıyır. Faktiki olaraq, bu, Ermənistanda Nikol Paşinyanı
devirməyə və İrəvanın üçtərəfli bəyanatda, eləcə də sonrakı
razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirməsinə mane olmağa çalışan revanşist qüvvələrə dəstək
deməkdir.

Bunu Trend
Rusiyanın nüfuzlu “Natsionalnaya oborona” jurnalının baş redaktoru,
məşhur hərbi ekspert İqor Korotçenko səfir Linn Treysinin “Birləşmiş Ştatlar Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək
hüquqlarını tanıyır” açıqlamasını verdiyi müsahibəni şərh edərkən
deyib.

“Yüksək səviyyəli rəsmi şəxsin verdiyi bəyanat təsadüf və ya
yanlışlıq deyil, səfirlər dövlətin adından çıxış edirlər. Bu,
Ermənistanda müşahidə etdiyimiz revizionist əhval-ruhiyyəni
məqsədli şəkildə qızışdırmaqdır. Bu, faktiki olaraq müxalifətin,
eləcə də qlobal erməni lobbisinin ikinci Qarabağ müharibəsinin
nəticələrinin reviziyası səylərinin dəstəklənməsidir. Təbii ki, bu
bəyanatı səfir özəl şəxs kimi verə bilməz. Aydındır ki, bu, ABŞ
Dövlət Departamentinin və Co Bayden administrasiyasının nəzər
nöqtəsinin səsləndirilməsidir. Biz istisna edə bilmərik ki, bu, həm
də ABŞ-dakı erməni lobbisinin fəal təsiridir. Onlar bu və ya digər
şəkildə xarici siyasi qərarların qəbulu proseslərinə təsir etmək
imkanına malikdir”, – İ.Korotçenko bildirib.

Siyasi analitik qeyd edib ki, istənilən halda bu bəyanat
birmənalı olaraq qınama tələb edir.

O, təəssüflə vurğulayıb ki, bütün bunlar yenidən təkcə İrəvanda
deyil, həmçinin, Rusiyada da müşahidə olunan hadisələrlə üst-üstə
düşür. Son günlər bir sıra fəal erməni lobbiçiləri Rusiyanın
Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə yanaşmaları
yenidən nəzərdən keçirməli olması ilə bağlı faktiki çağırışlar
edirlər.

“Bütün bu hadisələri, bəyanatları və fikirləri bir mozaikaya
yerləşdirsək, görərik ki, bu, erməni lobbisinin hökumətə və ictimai
rəyə təsir göstərməklə ikinci Qarabağ müharibəsinin nəticələrinin
reviziyasını həyata keçirmək cəhdlərinin aktiv mərhələsidir”, –
İ.Korotçenko vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfirinin bəyanatı
təhrikedici xarakter daşıyır və faktiki olaraq, regionu sülh
sazişinin pozulmasına doğru sürükləyir.

“Eyni zamanda, ABŞ-ın heç bir mövqeyinin təkzib edə bilməyəcəyi
reallıqlar mövcuddur: Azərbaycanın ikinci Qarabağ müharibəsində
hərbi Zəfəri faktiki olaraq Qarabağ problemini həll edib. Üstəlik,
fevralda Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti
İlham Əliyev müttəfiqlik qarşılqlı fəaliyyəti barədə Bəyannamə
imzalayıb və bu sənəddə Rusiya bir daha Azərbaycanın ərazi
bütövlüyünə sadiqliyini təsdiq edib.

Hazırda kifayət qədər gərgin məqamdır, vəziyyəti diqqətlə
izləmək, dəyərləndirmək və təbii ki, tez və operativ reaksiya
verməkm lazımdır ki, erməni lobbiçilərinin yeni münaqişə yaratmaq
planları uğur qazanmasın”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: