Ermənistanda seçkilər gözlənildiyi kimi kütləvi saxtakarlıqlarla müşahidə olundu

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri gözlənildiyi kimi kütləvi saxtakarlıqlarla, təzyiq və basqılarla müşahidə olundu. Ermənistan mətbuatında və sosial şəbəkələrin erməni seqmentində yayımlanan videomateriallar da bunu sübuta yetirir.

Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, seçki günü siyasi partiyaların və seçki bloklarının mənzil-qərargahlarında axtarışların aparılması, deputatlığa namizədlərin həbs olunması, səslərin sayılması zamanı işıqların söndürülməsi, seçki günü təşviqat və anti-təşviqat faktlarının aşkarlanması, polisin səsvermə prosesinə müdaxiləsi, ölkənin ayrı-ayrı bölgələrindən paytaxt İrəvana xüsusi “seçici” dəstələrinin gətirilməsi Ermənistandakı seçkilərin antidemokartik bir şəraitdə keçirildiyini təsdiləyir:

“Səslərin sayılması zamanı bir neçə vilayətdə – Gümrü, Vanadzor, Aparan, Vardenis, Dilican və Armavirdə işıqların söndürülməsi və bu prosesin uzun müddət davam etməsi, seçki saxtakarlığı üçün əlverişli zəmin yaradıldığından xəbər verir. Vardenis şəhərində yerləşən seçki məntəqələrindən birində işıqların sönməsindən sonra seçki qutusundakı bülletenlərin sayının seçkiyə gələnlərdən çox olması faktı da bunu təsdiqləyir.

İlkin məlumatlara görə, seçki günü rəsmi şəkildə qeydə alınan qanun pozuntularından 79-u cinayət xarakterlidir və səsvermənin zorla məhdudlaşdırılması ilə müşahidə olunub. Bununla yanaşı, hələlik araşdırılması davam edən yüzlərlə şikayət var. Həmçinin qeyd edim ki, sözügedən qanun pozuntuları və cinayət faktları ilə bağlı məlumatlar Ermənistan prokurorluğu tərəfindən açıqlanmış rəsmi məlumatlarda yer alıb”.

E.Mirzəbəyli vurğulayıb ki, seçkidə iştirak edən siyasi partiya və bloklar nəticələrə şübhə ilə yanaşdıqlarını və qəbul etməyəcəklərini bildirirlər:

“Bu isə Ermənistanda siyasi sabitliyinin uzun müddət pərpa olunmayacağından, siyasi qarşıdurma və təqiblərin davam edəcəyindən xəbər verir.

Mahiyyət etibarilə, nəticə göz qabağındadır. Vaxtilə Köçəryan və Sarkisyan hakimiyyətlərini qorumaq üçün hansı cinayətlərə əl atırdılarsa, bu gün eyni cinayətləri Paşinyan hakimiyyəti həyata keçirir”.

Teqlər: