Ermənistana yeni “missiya”: Fransa nəyə nail olmaq istəyir?

Ermənistana yeni “missiya”: Fransa nəyə nail olmaq istəyir?

Jozep Borrell Ermənistandakı iki aylıq missiyanın yekunlaşması ilə bağlı açıqlamasında orada bir qrupun qalacağını elan edib. Sözügedən qrupun da orada qalmasında məqsəd gələcəkdə göndəriləcək missiyaların ehtiyaclarının öyrənilməsi, qarşılanması istiqamətində işlərin aparılmasıdır. Yəni buraya gələcəkdə neçə nəfərlik missiyaya ehtiyacın olması, onların maaşları, məişət ehtiyacları və digər məsələlər daxildir. Borrellin bəyanatı tam dayandırılma ilə əlaqədar deyil. Çünki Ermənistana gedən missiya Gürcüstandakı missiyanın bir hissəsidir.

Bu sözləri AzerTimes-a Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin Ermənistana yeni missiyanın göndərilməsi barədə açıqlamasını şərh edən politoloq Fərhad Məmmədov deyib.

Politoloq növbəti missiyanın Fransanın təkidi ilə göndərildiyini vurğulayıb:

“İndi isə təşkilat Fransanın təkidi ilə daha uzunmüddətli missiya göndərir. Ermənistan isə açıq şəkildə missiyaların göndərilməsini yeni dövrdə öz təhlükəsizliyinə verilən zəmanətin bir hissəsi kimi qiymətləndirib. Yəni rəsmi İrəvan əvvəl KTMT-yə üzvlüklə öz təhlükəsizliyini təmin edirdisə, hazırda Aİ missiyalarına ümid edir. Ermənistan artıq məsələ ilə bağlı Fransaya müraciət edib və o da bunu Aİ vasitəsilə yerinə yetirir. Yəqin növbəti ilin fevral ayında biz Ermənistanda təşkilatın müvəqqəti, yaxud daimi missiyasının təsis olunduğunu görəcəyik. Əvvəlki iki aylıq missiya Azərbaycanla razılaşdırılmışdı, hazırki məqamda əsas vacib məsələ odur ki, yeni missiyanın göndərilməsi dövlətimizlə razılaşdırılacaq, ya yox? Çünki hamı Brüsseldə dekabrın əvvəlinə nəzərdə tutulan görüşdə bu haqda razılıq alınandan sonra missiyanın göndəriləcəyinin elan olunacağını düşünürdü. Lakin Paris və İrəvanın destruktiv mövqeyinə görə görüş baş tutmadı. Görünən isə odur ki, Aİ birtərəfli qaydada Ermənistanda missiyanı təsis etmək niyyətindədir. Azərbaycanın missiya göndərilməsi və onlarla əməkdaşlıq məsələsi ilə bağlı mövqeyini isə hadisələrin inkişafına görə zaman özü göstərəcək”.

Qeyd edək ki, Borrell dekabrın 13-də verdiyi bəyanatda Aİ-nin Ermənistanda, Azərbaycanla sərhəddə yerləşdirdiyi iki aylıq mülki monitorinq missiyasının müddətinin uzadılmayacağını bildirib. Artıq həmin mülki missiyanın işi 19 dekabrda başa çatıb. Lakin Borrell sonuncu açıqlamasında Ermənistan hakimiyyətinin razılığı ilə Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) çərçivəsində Aİ-nin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərmək qərarının verildiyini qeyd edib.

Teqlər: