Ermənistan və Rusiyanın Qarabağdan erməni silahlı birləşmələrini çıxarmaq istəməməsi və ya bacarmaması sülh prosesinə xələl gətirir – Jamestown Foundation

Ermənistan və Rusiyanın Qarabağdan erməni silahlı birləşmələrini
çıxarmaq istəməməsi və ya bacarmaması sülh prosesinə xələl gətirir
və regional sabitliyə təhlükə yaradır.

Trend-in
məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin (AIR Center) baş elmi işçisi Vasif Hüseynovun “The
Jamestown Foundation” portalında dərc olunmuş məqaləsində
deyilir.

Məqalədə qeyd olunur ki, martın 26-da Azərbaycan Müdafiə
Nazirliyi Rusiya tərəfini Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdirildiyi Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı
birləşmələrinin çıxarılmasını başa çatdırmağa çağırıb.

“İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın
dördüncü bəndinə istinad edərək Azərbaycan qeyd edib ki, bu,
müharibənin bitməsindən sonra ən azı ikinci dəfədir ki, Müdafiə
Nazirliyi rəsmi Moskvadan bu bəndin tələbinin yerinə yetirilməsini
təmin etməyi xahiş edir. Lakin budəfəki müraciət gərgin siyasi və
geosiyasi vəziyyətə təsadüf edib”, – məqalədə deyilir.

Müəllif vurğulayır ki, Ukraynada davam edən hərbi əməliyyatlar
fonunda martın əvvəlindən Ermənistan və Azərbaycan sərhədində,
eləcə də Azərbaycanın Qarabağ bölgəsində vəziyyət gərgin olaraq
qalır.

“Bakı Rusiyanın diqqəti Ukraynaya yönəldiyi vaxtda Ermənistan
silahlı birləşmələrinin təxribatlarının artmasından xəbər verib.
Azərbaycan mətbuatı hətta Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindən Rusiya hərbi texnikasının bir
hissəsinin çıxarılmasını sübut edən video da yayıb. Qeyd olunub ki,
çıxarılan texnika Ukraynaya göndərilib”, – V.Hüseynov yazıb.

Materialda qeyd olunur ki, bunun fonunda Ermənistanla Azərbaycan
arasında martın əvvəlində əsasən dövlət sərhədi boyu ərazilərlə
məhdudlaşan toqquşmalar indi yavaş-yavaş Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi əraziyə keçir. Martın ortalarında Ermənistan
Azərbaycanı Ermənistandan Qarabağa gedən qaz kəmərini partlatmaqda
(martın 7-8-də) ittiham edəndə vəziyyət daha da gərginləşib.

Müəllif bildirir, martın 24-də Ermənistan tərəfi Azərbaycanı
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi zonanın Fərrux
kəndinə (Xocalı rayonu) daxil olmaqda ittiham edib. Martın 26-sı
axşam saatlarında isə Rusiya Müdafiə Nazirliyi 10 noyabr 2020-ci il
tarixli üçtərəfli bəyanatın şərtlərinin pozulduğunu və “Rusiya
sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasındakı əraziyə
təcavüz olunduğunu” elan edib.

“Azərbaycan hökuməti Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədr
ölkələrinin Azərbaycan qoşunlarının Fərrux kəndindən çıxarılması
ilə bağlı çağırışlarını kəskin şəkildə pisləyib, belə ki, sözügedən
ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir
hissəsidir və erməni silahlı birləşmələri yuxarıda qeyd olunan
üçtərəfli bəyanatı pozaraq orada qalmaqda davam edirlər”, –
məqalədə deyilir.

Müəllif vurğulayır ki, 2020-ci ilin noyabrında imzalanan
üçtərəfli bəyanatın bəndlərinin tam icrası regionda gərginliyin
yenidən artmasının qarşısını almaq üçün yeganə yoldur. V.Hüseynov
yazır ki, eyni zamanda, Ermənistan və Rusiyanın erməni silahlı
birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etmək istəməməsi və
ya bacarmaması sülh prosesinə xələl gətirir və regional sabitliyə
təhlükə yaradır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: