Ermənistan UNESCO missiyalarının səfərləri ilə bağlı razılığı təhrif etməyə çalışır – XİN

Xəbər - Humay Ağacanova – Trend:

Məlum olduğu kimi, cari ilin fevral ayının 4-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının
Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə
YUNESKO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının
göndərilməsinə dair razılıq əldə olunub.

Trend-in məlumatına görə bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyinin UNESCO missiyalarının bölgəyə səfərinə
dair şərhində qeyd olunub.

“Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCOmissiyalarının
Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş
razılığı təhrif etməyə çalışır. Ermənistan XİN-in bu dövlətin
üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini
qınayırıq.

Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan
UNESCO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən
bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısa müddət
ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri
Azərbaycan və UNESCO arasında ikitərəfli formatda
razılaşdırılıb.

Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20
ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif
çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb.
Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun
yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu
faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Belə ki, UNESCO
Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu
vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının
alındığını etiraf edib.

UNESCO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan
tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni
irsin dağıdılması faktlarını UNESCO və beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin
dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Bu
dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz
əksini tapıb.

Hesab edirik ki, Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi
faktların araşdırılması məqsədilə Ermənistana missiyanın
göndərilməsi zəruridir. Ümid edirik ki, Ermənistan keçmişdə işğal
altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin
qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın
təşkilinə şərait yaradacaq”, – şərhdə bildirilib.

Teqlər: