Ermənistan işğaldakı 8 kəndi azad etmirsə… – XİN

Ermənistan işğaldakı 8 kəndi azad etmirsə… – XİN

Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmiz əleyhinə 19 aprel tarixli bəyanatına dair şərhində deyilir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 aprel 2023-cü il tarixində müsahibəsinə istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə təhrif dolu bəyanatını qətiyyətlə rədd edirik.

30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən, Azərbaycan torpaqlarının işğalına son qoyulması barədə beynəlxalq təşkilatların və tərəfdaşların çağırışlarına məhəl qoymayan Ermənistanın özünü sülhpərvər tərəf kimi göstərməsi və Azərbaycanı etnik təmizləmədə ittiham etməsi riyakarlıq və saxtakarlıq nümunəsidir.

Beynəlxalq öhdəliklərə və hətta Beynəlxalq Ədalət Məhkəməsinin qərarına baxmayaraq, sonuncu dəfə Avropa ağırılıqqaldırma çempionatında Azərbaycan bayrağının yandırılmasından da göründüyü kimi, Azərbaycana qarşı nifrət zəminində irqi ədavətin təşviq edilməsini davam etdirən, nifrət zəminində hərəkət edən şəxslərin və etnik-milliyyətçi qrupların fəaliyyətini alqışlayan və belə hərəkətlərə görə cəza verməyən, Azərbaycan əsirlərinə qarşı vəhşiliklər törədən, kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanın nifrət zəminində hərəkətlər etdiyi iddiasının heç bir əsası yoxdur.

Azərbaycan tərəfi Azərbaycan ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır. Ermənistan tərəfi bu prosesə müdaxilədən əl çəkməlidir. Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən hər bir şəxsin hüquq və azadlıqlarının təmin olunmasına zəmanət verilir.

Cənab Prezident tərəfindən qeyd edildiyi kimi, ərazilərinin 30 il ərzində işğal altında saxlanmasına baxmayaraq, məhz Azərbaycan tərəfi Ermənistanla ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanması üzrə təklifin təşəbbüskarı olub. Bunun əksinə, Ermənistan tərəfi nəinki danışıqlar prosesinə müxtəlif bəhanələrlə mane olur, sülh müqaviləsinin mətninə beynəlxalq hüquq prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən məsələləri daxil etməyə cəhd edir, bununla da prosesi uzadır. Ermənistanın sülh müqaviləsi üzrə Azərbaycanın təkliflərinə son 43 gün ərzində heç bir şərh verməməsi də, bu ölkənin nəticə yönümlü danışlıqlarda maraqlı olmamasının nümunəsidir.

Əlverişsiz hava şəraitində Ermənistan ərazisinə keçən və əsir kötürülmüş, beynəlxalq humanitar hüquq prinsiplərinə zidd olaraq qeyri-insani zorakılığa məruz qalmış Azərbaycan hərbçilərinin heç bir hüquqi əsas olmadan, Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən insan öldürülməsində ittiham olunması hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan XİN-nə məlum olmalıdır ki, cinayətin törədilməsində təqsirləndirilən hər hansı bir şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin əsaslı və qanuni qüvvəyə minmiş hökmü yoxdursa həmin şəxs təqsirsiz sayılır. Görünür ki, hüququn aliliyindən bəhs edən Ermənistan tərəfinin hüququn elementar prinsiplərindən belə xəbəri yoxdur. Bununla yanaşı, Ermənistanın sözügedən addımı göstərir ki, 30 illik işğala son qoyulandan sonra, Azərbaycan sərhədini azaraq keçən erməni hərbçilərinin dərhal Azərbaycan tərəfindən geri qaytarılması kimi etimad quruculuğu tədbirinə qarşılıq vermək niyyəti yoxdur və bu hərəkət qətiyyətlə pislənməlidir.

Hər hansı bir sülhpərvər mesaj kimi təqdim olunan çağırışlar heç bir əməli addımlarla müşayiət olunmursa, əksinə Ermənistan tərəfindən bu kimi saxta mesajlar səslənərkən eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialara yer verilirsə, 10000 civarında silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edirsə, Azərbaycanın işğal altında olan 8 kəndini azad etmirsə, Azərbaycan ərazilərində hərbi və siyasi təxribatlarını davam etdirirsə, Ermənistan bu kimi çağırışlarının heç bir əsası yoxdur.

Azərbaycan tərəfi ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır. Bunun üçün, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir”, – XİN-in şərhində qeyd olunub.

Teqlər: