Ermənistanda aprelin 1-dən qaza görə daha çox pul ödəniləcək.
Belə ki, aprelin 1-dən əhali üçün qazın qiyməti 4,7 dram artaraq, 1
kubmetr qaz üçün 143,7 dram (təxminən 0.51 manat) olacaq.
Digər istehlakçılar üçün 1000 kubmetr üçün qiymət artımı
təxminən 10 dollar təşkil edəcək.
İstehlakçılar 1000 kubmetr qaz üçün əvvəlki 255,91 əvəzinə
265,81 dollar ödəyəcək. İstixana emalı şirkətləri üçün bu, 233,9
dollar olub ki, bu da əvvəlki qiymətdən təxminən 10 dollar
bahadır.
Bununla da Ermənistanda qaz tarif aprelin 1-dən orta hesabla
4,1% artıb. Qərar sosial şəbəkələrin emrəni seqmentində sərt təpki
ilə qarşılanıb.
Ötən illər ərzində ciddi iqtisadi geriləməyə uğramış Ermənistan
iqtisadiyyatı üçün bu tariflər növbəti ağır zərbə olub. Yeni
tariflər istixana təsərrüfatlarına ciddi təsir edəcək. Qaz istehsal
olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin 60-70 %-ni
təşkil edir. Belə ki, tariflərin hər hansı artımı qiymət
bahalaşmasından qaçmağı demək olar ki, mümkünsüz edir.
Bu qərar Ermənistandakı nisbətən kiçik istixana təsərrüfatları
üçün daha böyük problemdir. Bu təsərrüfat sahələri açıq rəqabətə
girə bilmədiklərini nəzərə alsaq, bundan sonra onların sıradan
çıxacağı da pronozlaşdırılır.
Ümumi nəticədə isə Ermənistanda qazın qiymətinin artması kənd
təsərrüfatı məhsullarının kəskin bahalaşmasına səbəb olacaq.
Ermənistan kənd təsərrüfat məhsullarının istehsal xərcləri
artmaqla yanaşı, istehsalçılar ciddi satış problemi ilə də
üzləşiblər. Ermənistanın emal sənayesinin məhsullarının tədarükü
üçün əsas bazar Rusiya idi. Rusiya bazarında rublun son
devalvasiyası, iqtisadi proseslərin ləngiməsi, istehlakçıların
ödəmə qabiliyyəti tələbinin azalması səbəbindən erməni
istehsalçıları artıq satış problemi yaşayırlar. Qazın
bahalaşmasının diktə etdiyi qiymət artımı həmin problemləri daha da
artıracaq.
Qazın qiymətinin artması öz növbəsində Ermənistan
iqtisadiyyatının müxtəlif sahələrinə təsirsiz ötüşməyəcək. Zəif
rəqabət imkanları ilə seçilən Ermənistan iqtisadiyyatı tariflərin
artırılmasından zərər görəcək. İstehsalçılar nə qədər satış
zəncirlərinin pozulmasına və istehlakın azalmasına səbəb olsa da,
əmtəə qiymətlərini qaldırmalı olacaqlar.
Bu gün Ermənistan İqtisadiyyatının texniki cəhətdən yenidən
təchiz olunma səviyyəsi çox aşağıdır. Ölkədə investisiyalar azdır,
bəzən kreditlər alınmır, bir tərəfdən də Mərkəzi Bankın
inflyasiyanı cilovlamaq siyasəti, digər tərəfdən iqtisadiyyatın
kredit qabiliyyətinin zəif olması iqtisadiyyatın yenidən
silahlanması haqqında düşünməyə imkan vermir.
Bütün bunların fonunda Ermənistanın daxili bazarda da qaz
tariflərinin artırılmasının nəticələrini tezliklə görmək mümkün
olacaq.
Qaz tariflərinin artması öz növbəsində sıxılmış təbii qazın
qiymətinə də təsir edib. Yayılan məlumatlara görə, sıxılmış təbii
qazın qiyməti 7-8 faiz bahalaşıb.
Proqnozlar onu göstərir ki, onsuz da uçuruma doğru yuvaralanan
Ermənistan iqtisadiyyatı növbəti ağır zərbələr alacaq. Digər
tərəfdən isə erməni əhalisinin rifah səviyyəsi kəskin aşağı
düşəcək, çünki Ermənistanda ilkin tələbat mallarının qiymətləri
müxtəlif təsir edici amillərə görə durmadan artır. Bu qiymət
artımlarının fonunda isə əhalinin gəlirlərində heç bir artım baş
vermir.
Ermənistanda qaz tariflərinin artırılması ilə iqtisadiyyata
vurulan ağır zərbə ictimai həyatın bir çox sahələrində özünü
zəncirvari formada göstərəcək.