Ermənilər gözümün qarşısında qadını yandırdılar – Ağdaban sakini

30 il keçməsinə baxmayaraq, ermənilərin Ağdabanda törətdiyi
vəhşiliklər bir an belə yadımdan çıxmayıb.

Bunu Trend
Kəlbəcərin Ağdaban kənd sakini Qərənfil Bağırova bildirib.

“Həmin gün sözlə ifadə edilməyəcək dərəcədə dəhşətli idi.
Ermənilər kənddə kimi görürdülərsə atəş açırdılar, kimi
görürdülərsə, öldürürdülər. Elə bir gün idi ki, ana balasını atıb
qaçırdı. Mənim yaxın qohumlarımdan ölən və yaralanan oldu. Bir
yaxın qohumumu öz evində yandırdılar. Kəndimizdə Fatma adında namaz
qılan, oruc tutan qadın yaşayırdı. Əlində Quran ermənilərin
qarşısına çıxdı ki, insanlara belə zülm etməyin. Erməni vandalları
həmin qadını da elə ordaca yandırdılar. Şükür bu günümüzə ki, otuz
illik işğaldan sonra torpaqlarımıza qayıtmışıq. Buna görə də
Ordumuza və Prezident İlham Əliyevə təşəkkür edirəm”, – deyə hadisə
şahidi bildirib.

Qeyd edək ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə
ermənilər Kəlbəcərin Ağdaban kəndində qırğın törədiblər. 130 evdən
ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən
yandırılıb, kəndin 779 dinc sakininə qeyri-insani işgəncələr
verilib. Faciə zamanı 33 Ağdaban sakini qətlə yetirilib, yaşı
90-dan çox olan 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda
yandırılıb, 2 nəfər itkin düşüb. 12 nəfərə ağır bədən xəsarəti
yetirilib.

Teqlər: