Ermənistan bütün müharibə cinayətlərinə görə cavab verəcək – Könül Nurullayeva

Bir il əvvəl 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan sona qədər ləyaqətlə mübarizə apardı. Yalnız hərbi infrastruktur hədəfə alınır, mülki obyektlərə atəş açılmırdı. Lakin mənfur düşmən öz ənənəsinə və xislətinə sadiq qalaraq, 44 günlük savaşda da müharibə cinayətlərinə əl atdı. Düz 1 il əvvəl – 11 oktyabr 2020-ci il gecə saat 2 radələrində Ermənistan silahlı qüvvələri ikinci dəfə müharibənin aparıldığı bölgədən uzaqda yerləşən Gəncədə yerləşən çoxmənzilli yaşayış binalarını qadağan edilmiş raketlərdən atəşə tutdu. Nəticədə onlarla insan həlak oldu və yaralandı. Düşmənin məqsədi aydın idi-əhalinin gözünü qorxutmaq, insanların mübarizlik əzmini qırmaq. Amma Gəncə sakinləri və bütövlükdə xalqımız düşmənin bu təxribatlarına əzmkarlıqla cavab verdi. Hərbi əməliyyatlarda bir addım belə geri çəkilməyən ordumuz kimi xalqımız da ərazi bütövlüyümüzün bərpası istiqamətində vahid mövqe sərgiləyərək, ordumuzun və Ali baş Komandanın ətrafında sıx birləşdi. Azərbaycan xalqı 30 il bu arzu ilə yaşamışdı. Heç bir güc bizi dövlət və xalq olaraq bu amalımızdan yayındıra bilmədi. Düşmən isə işğal dövründə olduğu kimi, 44 günlük savaşda da cinayətlərini davam etdirdi. Bu, növbəti dəfə beynəlxalq humanitar hüquq normalarının, xüsusilə də IV Cenevrə Konvensiyasının, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Haaqa Konvensiyasının müddəalarını, eyni zamanda 2020-ci il 10 oktyabr tarixində elan edilmiş humanitar atəşkəs rejiminin kobud şəkildə pozulması idi. Bir il ərzində Ermənistanın intensiv müharibə cinayətləri ilə bağlı çoxsaylı beynəlxalq təşkilatlara müraciətlər edilib. Bütün faktlar Ermənistan hərbi-siyasi rəhbərliyinə qarşı müvafiq cəza tədbirlərinin görülməsi üçün kifayətdir. Gəncə terroru başda olmaqla Ermənistan bütün müharibə cinayətlərinə görə cavab verəcək.

Biz 44 günlük savaşda qalib gəldik, ərazi bütövlüyümüzü bərpa etdik. Amma Ermənistanın törətdiyi müharibə cinayətlərini unutmadıq və unutmayacağıq. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın qələbəsinin əslində nə qədər böyük əhəmiyyət daşıdığını görür. “Dəmir yumruq” faşizmin başını əzdi, müharibə cinayətlərinin yolverilməzliyini dünyaya nümayiş etdirdi.

Könül Nurullayeva

Milli Məclisin deputatı

Teqlər: