Ermənistan bu gün dalana dirənmiş vəziyyətdədir – MÜSAHİBƏ

“Trend” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun
müavini, siyasi ekspert Sahil Kərimlinin SİA-ya verdiyi müsahibəni
təqdim edirik:

– Bildiyimiz kimi Brüsseldə üçtərəfli görüş baş tutdu.
Brüssel görüşünün görünən və görünməyən tərəfləri
nələrdir?

– Hesab edirəm ki, artıq Ermənistanın başqa yolu yoxdur. Çünki
Ermənistan çox yaxşı başa düşür ki, sülh danışıqları prosesinə
başlanılmalıdır. Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət
təkliflər var. Bu maddələr nəzərə alınaraq sülh prosesi
başladılmalıdır. Ermənistanın bugünkü vəziyyəti məlumdur.
Ermənistan bu gün dalana dirənmiş bir vəziyyətdədir. Bu səbəbdən
Ermənistanın yeganə çıxış yolu razılaşmalara əməl etməkdir. Çünki
Ermənistanın gələcəyi bu razılaşmaların həm siyasi, həm iqtisadi,
həm də siyasi regional baxımından necə icra olunmasından asılıdır.
Burada həmçinin Avropa İttifaqının da öhdəliyi var. Əlbəttə ki, bu
razılaşmalar Avropa İttifaqı səviyyəsində baş tutub. Gələcəkdə ən
önəmli məqamlardan biri ondan ibarətdir ki, biz artıq danışıqları
heç bir dövlətin müdaxiləsi olmadan həyata keçirəcəyik. Məlumdur
ki, hansısa bir üçüncü, dördüncü tərəf danışıqlar prosesində
iştirak etdikdə öz maraqlarından çıxış edir. Bu da proseslərin
ləngiməsinə, hər hansı bir problemin yaranmasına səbəb olur. Əgər
danışıqlar tərəflər arasında yəni birbaşa Azərbaycan və Ermənistan
arasında aparılarsa, hesab edirəm ki, bu da çox müsbət nəticələrə
gətirib çıxara bilər. Brüssel görüşünün nəticələri Azərbaycan üçün
olduqca qənaətbəxşdir.

– Brüssel platforması sülhün tezliklə əldə olunmasında
real görünürmü?

– Əlbəttə ki, birmənalı olaraq bu barədə fikir bildirmək
çətindir. Amma bir məqamı xüsusi vurğulamaq lazımdır ki, Avropa
İttifaqının prezidenti Şarl Mişel bəyanatında çox əminliklə
bildirdi ki, biz artıq proseslərə başlamışıq, çox müsbət
razılaşmalar əldə olunub. Şarl Mişelin bəyanatlarına istinadən
desək, hansısa müsbət gedişlər gözləmək olar. Amma biz dəfələrlə
Ermənistan tərəfinin verdiyi sözlərdən döndüyünün şahidi olmuşuq.
İstənilən halda istər Avropa İttifaqı, istər Rusiya tərəfi bu
məsələnin həll olunmasının uzadılmasına nə qədər çalışsalar da,
Azərbaycan tərəfi heçnə itirmir. Sülh danışıqlarının başlanılması,
sərhədlərin müəyyən olunması, kommunikasiyaların açılması, mehriban
qonşuluq münasibətlərinin qurulması Azərbaycandan daha çox
Ermənistana lazımdır. Bunu Ermənistan da çox yaxşı başa düşür. Bu
gün Ermənistan cəmiyyəti, Ermənistan hakimiyyətində olan qüvvələr
də çox yaxşı başa düşürlər ki, Azərbaycanın irəli sürdüyü təkliflər
daha çox Ermənistanın xeyrinə olan təkliflərdir.

– Ermənistan bu məsələlərdə nə dərəcədə
səmimidir?

– Səmimi görünmək üçün müstəqil olmaq lazımdır. Təəssüf ki, bu
gün Ermənistan nəinki müstəqildir, heç daxili siyasət yürüdə
bilmir. Gah Rusiyaya, gah da Qərbə meyllənir. Bu da əlbəttə ki,
Ermənistan dövləti üçün yaxşı heçnə vəd etmir. Qeyd etdiyim kimi
Azərbaycanın burada itirəcəyi heçnə yoxdur. Hazırda gedən
proseslərdən Ermənistan nəticə çıxarmalıdır.

– Əgər, Azərbaycan ilə Ermənistan arasında sülh
razılaşması olmasa, yəni Ermənistan tərəfindən hər hansı bir
təxribata əl atılarsa, Azərbaycan bir güllə atmadan Fərrux
ssenarisini digər istiqamətlərdə də davam etdirə
bilərmi?

– Əlbəttə ki… İlk gündən cənab Prezident İlham Əliyev
vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan
Ordusunun gücünü, qüdrətini və Ermənistan ordusunun necə rəzil
vəziyyətə düşdüyünü bütün dünya gördü. Əgər, Ermənistan tərəfindən
hər hansı bir revanşist addım olarsa, qanunsuz erməni silahlı
dəstələrinin təxribatları olduğu halda onlar dərhal susdurulur.
Hesab edirəm ki, növbəti günlərdə daha çox sülh prosesinin şahidi
olacağıq. Ermənistan çox gözəl başa düşür ki, onun başqa çıxış yolu
Azərbaycan ilə sülhdən, ərazi bütövlüyünə qarşılıqlı hörmət,
sərhədlərin müəyyənləşdirilməsindən keçir.

Teqlər: