Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaqla düşdüyü ağır durumdan xilas ola bilər – TƏHLİL

Ermənistan 30 il müddətində Azərbaycana qarşı apardığı
işğalçılıq siyasəti nəticəsində dalan bir ölkəyə çevrilib,
sosial-iqtisadi böhranla üzləşib. Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində yaranan yeni
reallıq Ermənistan üçün də bu vəziyyətdən çıxmaq üçün yeni imkanlar
yaradıb. Ermənistan yalnız bu imkanlardan istifadə etməklə,
Azərbaycanla münasibətləri normallaşdırmaqla düşdüyü ağır durumdan
xilas ola bilər.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Cavid Osmanov bildirib ki, bu gün Ermənistanın bir
şansı var, o da Azərbaycanla münasibətləri normallaşdırmaq.

“Əks halda Ermənistan daha da ağır duruma düşəcək. Yaxşı olardı
ki, Ermənistanda olan revanşist qüvvələr öz ritorikalarından geri
çəkilsinlər, bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün
addımlar atsınlar. Azərbaycan süllh müqaviləsinin imzalanması
təşəbbüsü ilə çıxış edib və bunun üçün zəruri addımları atıb”, –
deyə deputat bildirib.

O vurğulayıb ki, Azərbaycan çox böyük enerji,
nəqliyyat-kommunikasiya və logistika layihələri həyata keçirir və
region ölkələri ilə çox sıx əməkdaşlıq edir.

“Azərbaycanın region ölkələri ilə əməkdaşlığı ikitərəfli
münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün çox böyük
zəmin yaradır və ölkələr bu əməkdaşlıqdan böyük istisadi faydalar
qazanıblar. Ancaq Ermənistan işğalçılıq siyasətinə görə bütün
layihələrdən kənarda qalıb. Artıq Ermənistan görməlidir ki, əgər
Azərbaycanla münasibətlərini normallaşdırsa, qarşılıqlı əlaqələr
yaransa Ermənistan da iqtisadi inteqrasiya edə bilər və
proqnozlaşdıra bilmədiyi böyük iqtisadi faydalar götürə bilər.

Azərbaycanın yürütdüyü siyasət nəticəsində Ermənistan bir dalan
ölkəyə çevrilib. Azərbaycan inkişaf edib, Ermənistan isə
sosial-iqtisadi böhran içərisində çabalayır. Ancaq indi ermənilər
normal, sivil qaydada yaşamaq istəyirsə onların yolu ancaq
Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, münasibətləri
normallaşdırmaqdan keçir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə
AzerTimes-a bildirib ki, Ermənistanın xilası Azərbaycanla
münasibətlərin normallaşmasından keçir.

“Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində
“Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq
konfransda çıxışı zamanı Ermənistanla münasibətlərin
normallaşmasının Ermənistan üçün yeni imkanlar yaradacağını bir
daha vurğuladı.

30 illik münaqişə göstərdi ki, bu müddətdə Ermənistan yanlış
yolda olub. Müharibə bu dövlətə və xalqa yalnız yeni faciələr
gətirib. Ermənistan bütün regional layihələrdən uzaq düşüb.
Ermənistan bu tarixdən və 44 günlük müharibədə yaşadığı acı
məğlubiyyətdən ciddi nəticə çıxarmalıdır.

Bu gün münasibətlərin normallaşması üçün Ermənistana yeni fürsət
və imkanlar yaradılıb. Ermənistan bu imkanlardan istifadə
etməlidir. Bu imkan hər zaman olmayacaq. Ermənistanda yenidən
revanşist meyllərin artması bu ölkəyə yalnız və yalnız yeni
faciələr gətirəcək. 44 günlük müharibə bunu açıq göstərdi”, – deyə
deputat bildirib.

Deputat bildirib ki, Prezident İlham Əliyev onu da qeyd etdi ki,
Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində çox böyük
maliyyə paketini elan edib.

“Sonradan Azərbaycan üçün də bunu elan edib. Həmin ehtiyatların
bir hissəsi əlaqələrin qurulmasına və insanlar üçün daha yaxşı
imkanların yaradılmasına sərf oluna bilər. Ermənistanın çox az
sayda əhalisini nəzərə alsaq ki, fikrimcə, bu, revanş və
qonşularına hədə yaratmaq cəhdləri üçün deyil, sülh işlərinə sərf
edilərsə, onda artıqlaması ilə kifayət edəcək.

Bu imkan və reallıqları nəzər alaraq Ermənistan ciddi düşünməli
və mövqeyini konkretləşdirməlidir. Azərbaycan bütün konstruktiv
müzakirələrə hazırdır. Əslində Azərbaycanın yaratdığı yeni reallıq
konteksində Ermənistanın başqa seçimi yoxdur”, – deyə C.Məmmədov
əlavə edib.

Teqlər: