Ermənistan Azərbaycanın planlarını əngəlləyə bilməz – TƏHLİL

Regionda cəryan edən hadisələr onu göstərir ki, Ermənistanın
inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq.
Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan
inkişaf edə bilməz.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Elşən Musayev bildirib ki, Ermənistan ciddi dövlət
deyil və bu qeyri-ciddiliyin nəticəsidir ki, razılaşmalara hələ də
tam əməl etmir:

“Cənab Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci
rübünün yekunlarına həsr olunmuş müşavirədə doğru olaraq qeyd etdi
ki, “Ermənistan bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur
üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə 10
noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində
açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan
Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın
öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda
biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir
məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı
uzatmamalıdırlar”.

Hazırda diktə edən tərəf Azərbaycan dövlətidir və Ermənistan
reallıqla barışmalıdır, razılaşmalara əməl etməlidir. Etmədiyi
halda özü itirəcək və beynəlxalq, regional sferadan daha da təcrid
olacaq”, – deyə deputat əlavə edib.

Politoloq Ceyhun Əhmədli isə AzerTimes-a deyib ki, Ermənistan
dövləti artıq regional proseslərə təsir imkanlarını tamamilə
itirib.

“Azərbaycan isə postmüharibə dövründə də öz şərtlərini diqtə
etdirir. Rəsmi İrəvan 10 noyabr bəyanatının maddələrini icra
etməkdən boyun qaçırmağa çalışsa da, son nəticədə başqa çıxış
yollarının olmadığını dərk edəcəklər. Üçtərəfli bəyanatın 9-cu
maddəsində aydın şəkildə təsbit olunub ki, Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni
nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək və Ermənistan
dövləti bu nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Aradan il yarım vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi
hələ də öhdəliyini yerinə yetirməyib. Bu, Ermənistanın 10 noyabr
bəyanatını bilərəkdən pozmasıdır”, – deyə o bildirib.

Deputat qeyd edib ki, təbii ki, bu vəziyyət çox davam edə
bilməz. “Bizim də səbrimizin tükəndiyi bir məqam olacaq. Ermənistan
başa düşməlidir ki, əgər o, öhdəliklərini icra etməkdən boyun
qaçırırsa, Azərbaycan da anoloji addımı ata bilər. Qarşı tərəf
məsuliyyətdən yayınırsa, onda biz niyə öhdəliklərimizi tam yerinə
yetirməliyik? Rəsmi İrəvan bu reallığı başa düşməli və əsassız yerə
vaxt uzatmaqda çəkinməlidir”, – deyə politoloq əlavə edib.

Teqlər: