Hər il 31 mart Azərbaycanlıların soyqırımı Günü kimi qeyd
olunur. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və
Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və
tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı
dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesi
başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan
torpaqlarına köçürülməsi həyata keçirilib: İrəvan, Naxçıvan və
Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda
yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə
baxmayaraq, havadarlarının himayəsi altında “Erməni vilayəti”
adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Süni
surətdə yaradılmış bu ərazi bölgəsi, əslində azərbaycanlıların öz
tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı
siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. Azərbaycan
torpaqlarında “Böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmaq
üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanıb.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni
qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi
qırğınlar həyata keçiriblər. Ermənilərin törətdikləri, Bakıdan
başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan
ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini
əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə
azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci
ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri
ilə seçilir. 2018-ci ilin mart ayından etibarən silahlı
daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc
azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə
xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri
yandırılmış, tarixi və mədəniyyət abidələri, məktəblər,
xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan
edilib.
31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində,
habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində
kütləvi qırğınlar törədilib, 30 mindən çox dinc əhali amansızca
qətlə yetirilib. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Səlyan
qəzalarında, Qarabağ, Zəngəzur, Naxşıvan, İrəvan, Şirvan, Lənkəran
və digər bölgələrdə xüsusi qəddarlıqla azərbaycanlılara qarşı
soyqırımı həyata keçirilib. Bu hadisələr zamanı Şamaxıda 70-dən çox
kənd tamamilə məhv edilmiş, yeddi min nəfər öldürülüb. Quba
qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və
yandırılıb, minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar
qətlə yetirilib.
Ermənilər tərəfindən azərbaycan xalqına qarşı törətdilən bu
vəhşiliklər XX əsrin müxtəlif illərində davam etmiş və əsrin
sonlarında pik həddə çatmışdır. Erməni faşistləri 1988-1992-ci
illər ərzində Ermənistanda yaşayan yüz minlərlə soydaşımızı, öz
dədə-baba yurdlarından qovmuş, bunun ardınca Qarabağ da daxil
olmaqla Azərbaycanın 20% torpaqlarını işğal etmiş, bir milyondan
artıq dinc sakin öz doğma yurdlarından məcburi köçkün
düşmüşlər.
Aradan uzun illər keçsədə erməni cəlladlarının törətdikləri o
qanlı hadisələr, ağla sığmaz vəhşiliklər unudulmayıb və Azərbaycan
xalqı tərəfindən heç bir zaman unudulmayacaq. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra tarixi
keçmişimizi daha dərindən öyrənmək imkanı yaranıb, uzun illər gizli
qalmış həqiqətlər üzə çıxıb.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 26 mart
1998-ci il tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı
haqqında” Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib.
31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş və hər il
dövlət səviyyəsində qeyd olunur. 2018-ci ildə bu bəşəri cinayyətlər
barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun
çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin müvafiq sərəncamına əsasən geniş tədbirlər planı
həyata keçirilib.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi
zamanı tariximizdə ilk dəfə olaraq işğal edilmiş torpaqlarımızı
işğaldan azad etdi. Öz doğma yurdlarından didərgin düşmüş
soydaşlarımız tezliklə yenidən salınmış kənd və qəsəbələrə,
şəhərlərə öz evlərinə, doğma yurdlarına qayıdacaqlar.
Erməni millətçiləri tərəfindən 1918-ci ildə və daha sonralar o
cümlədən XX əsrin axırlarında azərbaycanlılara qarşı törədilmiş bu
soyqırımları zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz
xatirəsini yad edərək, beynəlxalq hüququn norma və prinsiplərini
nəzərə alaraq 31 mart Azərbaycanlıların soyqırımını dövlətlər və
beynəlxalq təşkilatlar tərəfindın genosid aktı kimi tanımağa
çağırır və soyqırımı törədən Ermənistana qarşı sanksiyalar təbiq
olunmalı, günahsız, dinc əhaliyə qarşı soyqırımı həyata keçirən
cinayyətkarlar ədalət məhkəməsinin qarşısında cavab
verməlidirlər.
Milli Məclisin deputatı
Rauf Əliyev