Ermənilərin bu cür köçməsini qəbul edə bilmirəm…

Ermənilərin bu cür köçməsini qəbul edə bilmirəm…

Nəsə düz deyil. Belə ədalət olmur. Bu pazlda elə bil nəsə çatmır. Neçə gündür Qarabağdan göndərilən ermənilərin kadrlarına baxıram. Çox rahat şəkildə, avtobus, mikroavtobus, avtomobillərlə heç bir təzyiq, ultimatum altında olmadan, məhz yaşamaq istəmədikləri, Azərbaycanı bəyənmədikləri üçün köçürlər. Hərçənd qala da bilərlər, kimsə qalmalarına mane də olmur.

Amma 30 il əvvəl biz bunların tam əksini yaşadıq. İnsanlarımız soyuqda, şaxtada ayaqyalın, başıaçıq düşmən gülləsi altında yurd-yuvalarından qaçmağa məcbur oldular.

92-ci ilin fevralında 10 yaşım var idi. Rəhmətlik atam evə gəldi, dedi ki, ermənilər Xocalıda uşaqdan böyüyə kim varsa, öldürüblər.

İllərlə Xocalı travması ilə yaşamışam mən. Uşaq idim, qorxurdum, elə bilirdim erməni gəlib bizi də öldürəcək. Xocalı soyqırımının ildönümündə gecə corabla yatmışdım ki, erməni gəlsə, çölə ayaqyalın qaçmayım.

Ermənilər təkcə Qarabağı işğal etmədilər, uşaqlığımızı, gəncliyimizi də işğal etdilər. Tam 30 ilimizi aldılar ömrümüzdən.

Məni qəddarlıqla, vəhşilikdə qınaya bilərsiz, amma bu gün ermənilərin rahat çıxıb getmələrini qəbul edə bilmirəm. İrəvanda əyinlərinə Qırmızı Xaç Komitəsinin uniformasını geyinən qızların Qarabağdan gedən uşaqlara yoqurt yedirməsini görəndə yadıma Xocalıdan, başqa rayonlardan didərgin düşmüş uşaqlarımız düşür. Axı o uşaqlar quru çörəyə deyil, quruca cana möhtac idilər. Canlarını götürüb qaçmışdılar. Heç bəziləri qaça da bilməmişdi. Xocalının çölündə güllələnmişdilər.

AzTV-nin əməkdaşı Qarabağdan köçən ermənilərdən açıqlama alır, heç biri şikayət etmir, “Hər şey yaxşıdır, heç bir təzyiq yoxdur” deyirlər. Hətta biri də deyir ki, hər şey normal olsa, qayıdacam.

Amma bizim insanlardan kimsə bunları soruşmamışdı.

Qəddar deyiləm, sadəcə həzm edə bilmirəm məhv olmuş həyatımızı: heç cür barışa bilmirəm…

Teqlər: